Bakı. Trend:
Prezident İlham Əliyev 2024 cü ilin idman yekunlarına həsr olunmuş idmançılarla görüşdə, MDB Oyunlarının Gəncə şəhərində keçirilməsilə əlaqədar 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün şəraitin yaradılması və bununla əlaqədar Gəncə şəhərində çox böyük təmir-bərpa işlərinin və abadlıq işlərinin aparılacağını açıqladı. İşlərə artıq başlanılıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Gəncə şəhərində şəhər daxili yollar asfaltlanır, məhəllələrin abadlaşması işlərinə başlanılıb, hazırda tikintisi davam edən şəhər stadionunun yenidən qurma işləri MDB Oyunlarınadək yekunlaşması nəzərdə tutulur.
“Gəncə Sənaye Parkı şəhərin sosial-iqtisadi inkişafına böyük töhfə verə biləcək strateji bir layihədir. Gəncə Sənaye Parkının yeni iş yerlərinin və məşğulluq artımına şərait yaratmaqla yanaşı, yerli istehsalın və sənayenin inkişafına böyük töhfəsi olacaq.
Xüsusilə yeni investisiyaların cəlb olunması sərmayələrin qoyulması şəhərin iqtisadi potensialını daha da artıracaq. Bununla da Gəncə Azərbaycanın ikinci böyük şəhəri olmaqla yanaşı, mühüm logistika və sənaye mərkəzinə çevrilə bilər. Sənaye parkı bu prosesə təkan verərək, Gəncənin regional iqtisadiyyatda rolunu daha da artıracaq.
Bu amilləri nəzərə alaraq, Gəncə Sənaye Parkının qurulması təkcə şəhər üçün deyil, ümumilikdə Azərbaycanın iqtisadi inkişaf strategiyası üçün əhəmiyyətli bir addım olacaq. Bu səbəbdən lahiyənin reallaşdırılmasıyla məşğul olan İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyindən lahiyənin ən qısa müddətdə reallaşdırılmasını xahiş edərdik”, - deyə M.Cəfərli qeyd edib.