Bakı.Trend:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Hacıqabul, Ucar və Kürdəmir rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.
Trend xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Araşdırma zamanı Bakı şəhəri Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 82 ünvanında, Xətai rayonu Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində, Sumqayıt şəhəri Mirzə Ələkbər Sabir küçəsi 28 ünvanında, Hacıqabul rayonu Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 82-ci kilometrliyində, Ucar rayonu Şahlıq kəndi və Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 191 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.