...

Mərakeş Azərbaycandan neft-qaz idxalına və bu sahədə birgə müəssisələrin yaradılmasına ümid edir

İqtisadiyyat Materials 18 İyul 2025 14:33 (UTC +04:00)
Mərakeş Azərbaycandan neft-qaz idxalına və bu sahədə birgə müəssisələrin yaradılmasına ümid edir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərakeş Azərbaycandan neft və qaz idxal edə bilər, həmçinin bu sahədə birgə müəssisələr yaradıla bilər.

Bunu Trend-ə açıqlamasında Mərakeş Krallığı Hesablama Palatasının Əməkdaşlıq şöbəsinin rəisi Mulay İdris Alaoy Əziz Bakıda keçirilən Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə toplantısı çərçivəsində deyib.

O, Azərbaycanın iqtisadi potensialından və ortaq maraqlardan danışaraq bildirib: "Biz burada Ali Audit Orqanlarının Asiya Təşkilatının (ASOSAI) və Ali Audit Orqanlarının Ərəb Təşkilatının (ARABOSAI) birgə görüşü üçün toplaşmışıq. Azərbaycan kimi çox canlı və inkişaf edən bir ölkəni kəşf etməkdən məmnunuq. Azərbaycan inkişaf edən iqtisadiyyatı və böyük potensialı olan bir ölkədir. Həmçinin, regionda lider bir dövlətdir".

Onun sözlərinə görə, iki ölkə arasında vizasız rejim qarşılıqlı turizm imkanlarının artırılmasında müstəsna əhəmiyyət kəsb edir: "Mərakeş və Azərbaycan arasında əməkdaşlıq üçün çoxsaylı potensial imkanlar mövcuddur. Burada xüsusilə turizm sahəsini qeyd edə bilərəm. Mərakeş və Azərbaycan arasında vizasız rejim mövcuddur. Bu isə iqtisadi əməkdaşlarımıza imkan verir ki, Azərbaycan bazarına rahat şəkildə daxil olsunlar. Eyni zamanda, Azərbaycanın turizm sektoru da Şimali Afrikada yerləşən və çox turistik bir ölkə olan Mərakeşin potensialını kəşf edə bilər.

Bu il biz Mərakeşə 18 milyon turistin səfərini gözləyirik. Ümid edirik ki, onların sırasında azərbaycanlı turistlər də olacaq. Bundan əlavə, Mərakeş yaxın illərdə iki böyük idman tədbirinə ev sahibliyi edəcək: Afrika Millətlər Kuboku və 2030-cu ildə keçiriləcək Dünya Kuboku. 2030-cu ildə ölkəmizə çox sayda turistin gələcəyi gözlənilir. Bu isə Azərbaycanın iqtisadi liderləri üçün sərmayə imkanları yaradacaq".

İ. Əziz Azərbaycanla neft-qaz sənayesi üzrə əməkdaşlıqda maraqlı olduqlarını da qeyd edib:

"Mərakeşin gələcək planları kifayət qədər genişdir. Biz Azərbaycanla neft-qaz sənayesi üzrə əməkdaşlığa ümid edirik. Mərakeş Azərbaycandan neft və qaz idxal edə bilər, həmçinin bu sahədə birgə müəssisələr yaradıla bilər.

Yenilənə bilən enerji sahəsində də əməkdaşlıq perspektivləri mövcuddur. Bu planlar 2030-cu ilə qədər olan dövrü əhatə edir".

"O cümlədən, Mərakeş avtomobil sənayesi üzrə inkişaf etməkdə olan bir ölkədir. Azərbaycan iqtisadi operatorları Mərakeşdən avtomobillər idxal edə bilərlər. Hazırda biz Afrikada bu sahədə birinci ixracatçı və birinci istehsalçı mövqeyindəyik.

Fransa və Yaponiya modelləri əsasında tam şəkildə Mərakeşdə yığılan avtomobilləri Avropaya, Yaxın Şərqə və Afrikaya ixrac edirik. Eyni zamanda, bu avtomobillər Azərbaycana da ixrac oluna bilər", - deyə İ. Əziz fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti