...

Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 18 İyul 2025 16:32 (UTC +04:00)
Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

İyulun 18-də Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda media nümayəndələri ilə görüş keçirilib.

Trend xəbər verir ki, tədbirdə Baş Prokurorluğun idarə və şöbə rəisləri, digər prokurorluq əməkdaşları, eləcə də onlayn və çap mediasının, televiziya və radio kanallarının nümayəndələri iştirak ediblər.

Görüşün açılışında qonaqlar salamlanaraq, tədbirin əsas məqsədi – prokurorluq orqanları ilə media arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və gələcək hədəflərin müəyyən olunması kimi qeyd edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev çıxış edərək, prokurorluq orqanları ilə media arasında düzgün, şəffaf və davamlı informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, mövcud əməkdaşlıq təcrübəsini qiymətləndirərək bu istiqamətdə qarşıda duran hədəfləri iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov çıxış edərək, dövlət strukturlarında ictimai iştirakçılığın genişləndirilməsində və ictimai nəzarətin gücləndirilməsində medianın mühüm rolunu qeyd edib.

Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən islahatlar, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib. O, ictimai şüurun formalaşması və hüquqi maarifləndirmə prosesində medianın mühüm rolunu xüsusi vurğulayıb, bu sahədə qarşılıqlı əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.

Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Talıb Cəfərov isə çıxışında rəqəmsal dövrdə informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla mübarizə və bu istiqamətdə medianın rolu barədə danışıb. O, bu sahədə maarifləndirmə və ictimaiyyətin düzgün məlumatlandırılmasının vacibliyini önə çəkib.

Tədbirdə media nümayəndələri – Milli.az xəbər portalının baş redaktoru Asif Mehman, Report İnformasiya Agentliyinin müxbiri Səlcuq Elçin və İctimai Televiziya və Radio Yayımları Şirkətinin müxbiri Valeh Dadaşov çıxış edərək, prokurorluq-media münasibətləri barədə öz fikirlərini bölüşüb, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müxtəlif təkliflər irəli sürüblər.

Görüş çərçivəsində mətbuatın hüquqi maarifləndirmə, ictimai rəyin formalaşdırılması və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından cəmiyyətdəki rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda “Xalqın adamı” adlı sənədli film nümayiş etdirilib, ümummilli lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolu və müasir suveren dövlətçiliyin formalaşmasındakı xidmətləri bir daha xatırlanıb.

Sonda xatirə fotosu çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti