...

Azərbaycan-Çin münasibətləri yeni mərhələdə: BTQ dəmir yolu xəttinin inkişafı tərəflərin ortaq marağındadır

İqtisadiyyat Materials 19 İyul 2025 09:00 (UTC +04:00)
Azərbaycan-Çin münasibətləri yeni mərhələdə: BTQ dəmir yolu xəttinin inkişafı tərəflərin ortaq marağındadır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin və yükdaşıma əməliyyatlarının inkişafı üzrə bir sıra ölkələrlə fəal əməkdaşlıq istiqamətində təşəbbüslər irəli sürməkdədir. Bir müddət əvvəl “Azərbaycan Dəmir Yolları” QSC və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu bu təşəbbüslərdən biri kimi göstərilə bilər. Sənəddə əsas diqqət Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin gücləndirilməsinə yönəlib.Belə ki, iki qurum Türkiyəyə, ardınca Avropaya çıxış imkanı verən Bakı–Tbilisi–Qars marşrutu üzrə nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi barədə razılığa gəlib. Məlumata əsasən, bu xətt vasitəsilə Çin istehsal mərkəzlərinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı daha da sürətlənəcək.

Həmçinin, razılaşmaya əsasən, tərəflər dəmir yolu və liman imkanlarının birgə inkişafı, Xəzər dənizi üzərindən konteyner daşımalarının genişləndirilməsi, gündəlik blok-qatarların sayının artırılması və 10 qatarın keçidinə nail olunması istiqamətində əməkdaşlığı dərinləşdirəcəklər.

İqtisadçılar hesab edirlər ki, bu, Azərbaycanın tranzit potensialının artırılması, bütövlükdə Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır.

İqtisadçı Pərviz Heydərov Trend-ə açıqlamasında deyib ki, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti Avrasiya üzrə çox mühüm nəqliyyat infrastrukturudur.

O xatırladıb ki, 2017-ci ildə bu dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Orta Dəhliz vasitəsilə Asiya ilə Avropa arasında sürətli və etibarlı yük daşımaları həyata keçirmək mümkün olub və təmin edilib.

P.Heydərov vurğulayıb ki, Çin və Mərkəzi Asiya ölkələrindən quru yolla daşınan yüklərin Azərbaycan ərazisindən Avropaya çatdırılmasında BTQ dəmir yolu xətti əvəzsiz əhəmiyyətə malikdir:

“Halbuki bu əlaqə vasitəsi də vaxtilə layihələndirilərək tikilib quraşdırılan zaman onun effektsizliyi haqqında çox söhbətlər açılırdı. Ancaq iş o yerə çatdı ki, BTQ dəmir yolunun genişləndirilməsi və layihə üzrə işlərin tamamlanması məqsədilə 2022-ci ilin sonunda layihə yenidən qiymətləndirildi və yeni layihə planı hazırlandı. Söhbət BTQ istifadəyə verildikdən sonrakı dövrdən gedir”.

İqtisadçı vurğulayıb ki, 2023-2024-cü illərdə BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri nəticəsində illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona çatdırıldı:

“İndi BTQ dəmir yolu xətti Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsini daşımağa və yükdaşımalar üzrə beynəlxalq səviyyədə rəqabətə hazır infrastruktur sayılır. Lakin bu, hələ son deyil.

"Azərbaycan Dəmir Yolları” QSC və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu Bakı–Pekin münasibətlərinə yeni dinamika qazandırmaqla yanaşı, BTQ dəmir yolu xəttinin işlək potensialını daha da gücləndirəcək. Bu xətt vasitəsilə Çin istehsalına aid bütün növ mal və məhsulların Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı daha da sürətlənərək genişlənəcək”.

Azərbaycanla Çin əlaqələrinin inkişaf tendensiyası nəqliyyat sahəsi ilə yanaşı, istər qarşılıqlı investisiya, istərsə də ticarət dövriyyəsində özünü göstərməkdədir. Belə ki, 2025-ci ilin birinci rübündə Çinin Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 7,437 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 4,204 milyon ABŞ dolları və ya 2,3 dəfə artıb. Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Çindən yatırılan investisiyaların payı 0,5% təşkil edib.

Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk rübündə Çin iqtisadiyyatına 5,280 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 5,193 milyon ABŞ dolları və ya 60,7 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Çinə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,7% təşkil edib.

Azərbaycanın ticarət dövriyyəsində də Çin xüsusi çəkiyə malikdir. Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 2,1 milyard ABŞ dolları təşkil edib. Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 451,4 milyon ABŞ dolları və ya 27,6% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 8,56%-i həcmində olub. Bununla da Çin hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında dördüncü pillədə qərarlaşıb.

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Çinə 46,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,6 milyon ABŞ dolları və ya 4,3 dəfə çoxdur.

Eyni zamanda, hesabat dövründə Çindən Azərbaycana təqribən 2 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 415,7 milyon ABŞ dolları və ya 1,3 dəfə artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında birinci pillədə qərarlaşıb.

Ümumilikdə, qeyd olunan göstəriciləri nəzərə alsaq, iki ölkə arasında iqtisadi münasibətlərin tarixinin ən yaxşı məqamına yetişdiyini deyə bilərik. Bu əməkdaşlıqda nəqliyyat sektorunun inkişafı isə xüsusi olaraq diqqət mərkəzindədir.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli Trend-ə açıqlamasında bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Çin Dəmir Yolları arasında Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin potensialının artırılmasına dair razılaşma bir sıra strateji, iqtisadi üstünlüklər vəd edir.

O söyləyib ki, bu saziş Orta Dəhlizin Trans-Xəzər Beynəlxalq Nəqliyyat marşrutu üzrə yükdaşıma qabiliyyətinin genişləndirilməsi baxımından da olduqca əhəmiyyətlidir:

“Sözsüz ki, bu sazişin regional və qlobal nəqliyyat sistemində mühüm təsirləri olacaq. Çünki BTQ-nin potensialının artırılması Çindən Avropaya və əks istiqamətə daha çox yükdaşımalarına şərait yaradacaq. Həmçinin, yeni saziş digər alternativ dəhlizlərə qarşı Orta Dəhlizin rəqabət imkanlarını artıracaq. Hazırda BTQ-nin yükaşırma qabiliyyəti təqribən 1 milyon ton həcmindədir. Bu potensial 5 milyon tona qədər yüksələ bilər. Eyni zamanda, ADY ilə Çin Dəmir Yolları arasındakı BTQ ilə bağlı imzalanmış saziş Orta Dəhlizdə yüklərin daşınmasının səmərələliyini artıra və tranzit baxımından əhəmiyyətli bir məkana çevirə bilər. Bu saziş logistika tıxaclarının qarşısını ala, yüklərin daşınma sürətini artıra bilər”.

İqtisadçı hesab edir ki, Çinlə BTQ-nin potensialının artırılmasına dair saziş Azərbaycan iqtisadiyyatına böyük faydalar verə bilər:

“Belə ki, yeni razılaşma tranzit və dövlət rüsumlarının artmasına gətirib çıxaracaq. Həmçinin, bu, logistika, dəmiryolu sahəsində yeni iş yerlərinin yaradılmasına, bu sahədə biznes imkanlarının genişləndirilməsinə vüsət aça bilər. Yekunda bu da xarici ticarət dövriyyəsinə müsbət təsir göstərəcək. Həmçinin, Azərbaycanı regionun nəqliyyat mərkəzi kimi mövqeyini daha da möhkəmləndirilməsinə səbəb olacaq”.

E.Kərimli tərəflər arasında imzalanmış sazişin Çin üçün əhəmiyyətinə də toxunub:

“Bu sazişin Çin üçün də strateji üstünlükləri var. Belə ki, “Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində yeni razılaşma Çin üçün alternativ, təhlükəsiz və sürətli marşrut olması deməkdir. Digər tərəfdən, Rusiya ərazisindən dəhzlilərlə daşınan yüklərin təhlükəsizliyi sual altındadır, həmçinin sanksiyalar da onlara marağı azaldır.

Ona görə də BTQ-nin potensialının artırılması Türkiyə və Avropa bazarlarına çıxış imkanlarını da genişləndirəcək. Türkiyə dəmir yolları şəbəkəsi də buraya inteqrasiya olunarsa, Çindən Avropaya daşınan yüklərin həm müddəti, həm sürəti, həm də xərcləri müsbət istiqamətdə inkişaf edəcək”.

“Hesab edirəm ki, bu layihə təkcə texniki modernləşmə deyil, həm də beynəlxalq nəqliyyat koridorlarının gələcək inkişaf strategiyasını əhatə edir. Bu proseslərin uğurla həyata keçirilməsi Orta Dəhlizi Avrasiya nəqliyyatında əsas arteriyaya çevirə və region üçün davamlı iqtisadi-siyasi dividentlər gətirə bilər”, - deyə E.Kərimli fikrini tamamlayıb.

Ümumilikdə, tərəflər Çindən Avropaya və əks istiqamətdə yüklərin daha sürətli, təhlükəsiz və səmərəli daşınması üçün birgə layihələrin icrasını, terminallar və limanlar arasında qarşılıqlı əlaqənin gücləndirilməsini, eləcə də, gömrük və nəqliyyat sahələrində informasiya mübadiləsinin təkmilləşdirilməsini hədəfləyirlər.

Bu istiqamətdə əməkdaşlıq həm regional iqtisadi inteqrasiyanı dərinləşdirəcək, həm də Azərbaycanın logistika qovşağı kimi rolunu daha da gücləndirəcək. Azərbaycanın geostrateji mövqeyi Çin tərəfindən irəli sürülən “Bir kəmər – bir yol” təşəbbüsü ilə üst-üstə düşərək, qarşılıqlı maraqları daha da artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti