...

Ölkəmizdə ən çox nikah və boşanma qeydə alınan bölgələr

İqtisadiyyat Materials 28 Fevral 2025 10:48 (UTC +04:00)

Bakı. Trend:

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatı əsasında apardığı təhlilə əsasən, son iki (2023 və 2024-cü il) ildə ölkədə nikahların sayında azalma tendensiyası davam edir. Daha dəqiq desək, 2024-cü ildə Azərbaycanda nikahların sayı əvvəlki ilin göstəricilərinə nisbətən 8,7% və ya 4 692 azalaraq 49 508-ə düşüb.

Aparılan təhlil zamanı məlum olub ki, 2020-2024-cü illərdə nikaha daxil olma ilə əlaqədar ən yüksək göstəricisi 2022-ci ildə qeydə alınıb və həmin il bu rəqəm 61 939 olub. Ən aşağı rəqəm 2020-ci ildə müşahidə edilib və bu rəqəm 35 348 təşkil edib. Xatırladaq ki, 2020-ci ildə nikah sayının azlığı “COVID-19” pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərlə bağlı olub.

Məlumat üçün bildirək ki, 2024-cü ildə nikahların sayı ilə yanaşı, boşanmaların sayında da azalma qeydə alınıb. Rəsmi rəqəmlərə əsasən, ötən il boşanmaların sayı 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,4% və ya 304 hal azalaraq 21 384-ə düşüb.

Nikahların boşanmalara nisbətini müqayisə etsək, ən mənfi göstərici 2024-cü ildə qeydə alınıb. Ötən il bu nisbət 2,32 təşkil edib ki, bu da son illər nikah və boşanma tendensiyalarında baş verən dəyişiklikləri əks etdirir. Ən müsbət göstərici isə 2022-ci ildə qeydə alınıb və həmin il bu əmsal 3,88 olub.

Qeyd edək ki, əmsalın kiçik olması nikah və boşanma saylarının bir-birinə daha yaxın olmasını ifadə edir və bu, ailə institutunun möhkəmliyi baxımından mənfi göstərici hesab olunur. Daha yüksək əmsal nikahların boşanmalara nisbətən daha çox olduğunu göstərir və bu müsbət hal sayılır.

Bölgələr üzrə nikah sayına baxsaq, paytaxt Bakının böyük fərqlə ilk sırada yer aldığını görərik. 2024-cü ildə Bakı şəhərində 11 638 nikah qeydə alınıb və bu da paytaxtda əhali sayının digər bölgələrə nisbətən çox olması ilə əlaqədardır.

Əhali sayına görə, ikinci sırada Sumqayıt şəhəri yer alıb. Ötən il Sumqayıtda 1533 nikah qeydə alınıb.

Gəncə şəhəri əhalisinin sayına görə üçüncü yerdə qərarlaşıb. 2024-cü ildə burada qeydə alınan nikahların sayı 1303-ə bərabər olub.

Ötən il ən az nikah Xankəndidə (15) və Ağdərə rayonunda (21) qeydə alınıb. Uzun müddət işğal altında olan, sosial və infrastruktur sahələrində hələ də bərpa işləri aparılan bu ərazilərdə əhalinin artımı və nikah hadisələrinin sayının nisbətən az olması anlaşılandır.

Əhali sayına görə ilk 3 sırada yer alan Bakı, Sumqayıt və Gəncə şəhəri boşanma sayına görə də eyni pillələri bölüşür. 2024-cü ildə paytaxt ərazisində 6 673, Sumqayıt şəhərində 916, Gəncədə isə 886 boşanma hadisəsi qeydə alınıb.

Nikah sayında olduğu kimi boşanma sayında da son pillələri Xankəndi şəhəri və Ağdərə rayonu yer alıb. Ötən il Xankəndidə 11 boşanma, Ağdərə rayonunda isə 16 boşanma qeydə alınıb.

Bölgələr üzrə nikahların boşanmalara olan nisbətinə baxdıqda, ən müsbət nəticə Yardımlı rayonuna aiddir. Ötən il Yardımlı rayonunda bu əmsal 5,63 olub. Bu, nikahların boşanmalara nisbətən çox olduğunu və ailə münasibətlərinin daha sabit olduğunu göstərir.

Bununla yanaşı müsbət nəticə Lerik, Qobustan, Cəlilabad və Zərdab rayonlarında da qeydə alınıb. Sözügedən bölgələrdə nikahların sayının boşanmalara nisbətən daha çox olması, ailə institutunun möhkəmliyini sübut edir.

Aşağıdakı cədvələ diqqət etsək, şəhər statusunda olan bölgələrin əsasən daha aşağı və ya mənfi nəticə göstərdiyini görə bilərik. Bu, şəhər əhalisinin ailə münasibətlərinə daha fərqli düşüncələrlə yanaşdığını, rayon əhalisinin isə ailə dəyərlərinə daha çox əhəmiyyət verdiyini göstərir. Şəhər əhalisinin daha çox fərdi azadlıq, karyera və sosial mövqeyə yönələn düşüncələrə malik olması nikah və boşanma saylarına da təsirsiz ötüşmür.

Media Təhlil Mərkəzi (MTM)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti