Bakı. Trend:
Braziliyanın BRICS-ə sədrliyi qrupun çoxqütblü dünya və daha ədalətli qlobal münasibətlər yaratmaq səylərini gücləndirəcək.
Trend xəbər verir ki, bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva BRICS danışıqlarçılarının görüşündə çıxışı zamanı deyib.
Prezident Braziliya sədrliyinin prioritetləri çərçivəsində qlobal idarəetmə, səhiyyə, iqlim dəyişikliyi, ticarət, süni intellekt və institusional inkişafı qeyd edib.
O, sülhün möhkəmləndirilməsi və çoxtərəfli təhlükəsizlik sistemində islahatların aparılması üçün birgə səylər göstərməyə çağıraraq, "birtərəfli hərəkətlərin beynəlxalq nizamı pozduğunu" və "güc əsasında" danışıqların qeyri-sabitliyə və münaqişəyə səbəb olduğunu qeyd edib.
Lula diqqətdən kənarda qalan tropik xəstəliklərin aradan qaldırılması üçün BRICS təşəbbüsü təklif edərək Qlobal Cənub ölkələri üçün səhiyyə sahəsində əməkdaşlığın zəruriliyini vurğuladı. O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının zəifləməsinin ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib və dərman və peyvəndlərə ədalətli çıxışı təmin etmək üçün qlobal səhiyyə idarəçiliyini gücləndirməyə çağırıb.
İqlim dəyişikliyi ilə bağlı Lula artan temperatur və istixana qazları emissiyalarına qarşı xəbərdarlıq edərək, BRICS ölkələrini BMT-nin 30-cu İqlim Dəyişikliyi Konfransında (COP30) iddialı nəticələr əldə etməyə, eyni zamanda iqtisadi inkişafın sosial və ekoloji ədalətə uyğun olmasını təmin etməyə çağırıb.
Artan proteksionizm qarşısında ticarət maneələrinin aradan qaldırılmasının vacibliyini qeyd edən Lula qlobal maliyyə sistemində islahatların aparılmasını müdafiə edib və BRICS-i BMT vasitəsilə qlobal idarəetmənin formalaşmasında əsas rol oynamağa çağırıb.
Prezident həmçinin Cənubi Afrikanın G20-yə sədrliyini və Braziliyanın noyabrda keçiriləcək COP30 konfransında liderliyini dəstəkləmək üçün əlaqələndirilmiş fəaliyyətə çağırıb.