Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı tərəfindən media nümayəndələri arasında mərkəzi bankçılıq və maliyyə sahəsində məlumatlılığın artırılması məqsədilə təlimlərin və məlumat sessiyalarının təşkili davam etdirilir.
Trend AMB-yə istinadən xəbər verir ki, bu çərçivədə növbəti təşəbbüs “Ödəniş xidmətlərinin tənzimlənməsi çərçivəsi” mövzusunda təlimin keçirilməsi olub.
Qarşılıqlı müzakirə çərçivəsində keçən təlim zamanı ödəniş xidmətləri və ödəniş sistemləri üzrə əsas hüquqi çərçivə, ödəniş təşkilatının, elektron pul təşkilatının və ödəniş sistemi operatorunun xidmətləri, eləcə də onların tənzimlənməsi və nəzarət proseduru haqqında ətraflı məlumat diqqətə çatdırılıb.
Mərkəzi Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəisi Xəyaləddin Tağıyev tərəfindən ödəniş sistemi operatorları ilə ödəniş xidməti təchizatçıları arasındakı fərqlər, xarici ödəniş xidməti təchizatçılarının və ödəniş sistemi operatorlarının ölkədə fəaliyyəti üzrə tələblər, fintexlərin bank sisteminə təsirinin qiymətləndirilməsi və onların ödəniş bazarında tətbiqi kimi məsələlər də əhatə olunub.
Təlimin gedişatı zamanı iştirakçıların təqdim olunan mövzular ətrafında sualları cavablandırılıb.
Təlimin sonunda Mərkəzi Bankın sədri Taleh Kazımovun təlimdə iştirak edən media nümayəndələri ilə görüşü də baş tutub.