Bakı. Trend:
2024-cü ilin IV rübündə cəmi istehlak kreditləri, o cümlədən, kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.
Məlumata görə, istehlak kreditləri üzrə standartlarda sərtləşmə, əsasən, kreditlərin maya dəyərinin artımı formasında olub. Respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən, kredit kartları üzrə standartlarda dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə, o cümlədən, kredit kartlarına tələb artıb. Sorğuda iştirak edən respondentlərin cavablarına görə, tələbin artmasına təsir göstərən əsas faktor rəqəmsallaşma olub. Banklar növbəti rübdə ümumi istehlak kreditləri, həmçinin, kredit kartlarına tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
İstehlak kreditləri üzrə portfelin keyfiyyəti, kapital mövqeyi, maliyyələşmə dəyəri və əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər kredit standartlarına sərtləşdirici təsir göstərib. Bütövlükdə, sorğu nəticələrinə əsasən, bankların istehlak portfeli üzrə artım dinamikasının növbəti rüb də davam edəcəyi gözlənilir.
Kreditləşmə fəaliyyətinə dair sorğunun cari ilin IV rüb üzrə nəticələrinə əsasən, respondent bankların 85%-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 15%-i isə orta dərəcədə artım olduğunu bildirib.
Nəticədə, 2024-cü ilin IV rübü üzrə diffuziya indeksi 11% təşkil edib. Bu isə əhalinin borclanma səviyyəsində artım dinamikasının davam etdiyini göstərir.