Bakı. Trend:
Nazirliyin "İmmunlaşdırma həftəsinin keçirilməsi barədə" müvafiq əmrinə əsasən peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan şəhər və rayonlarda monitorinqlər keçirilib, bu tədbirlər nəticəsində ümumilikdə 30,9 min uşaq vaksinasiya ilə əhatə olunub.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, 2024-cü il ərzində respublikada epidemioloji sabitliyin qorunması məqsədilə yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində məqsədyönlü profilaktik tədbirlər həyata keçirilmiş, digər ölkələrdə olduğu kimi ölkəmizdə də peyvənd təqviminə uyğun olaraq uşaqların immunizasiya yolu ilə 11 yoluxucu xəstəlikdən müdafiəsi təmin edilir.
“ ÜST-nin tövsiyələri nəzərə alınaraq yeni "Profilaktik peyvəndlər təqvimi" təsdiq edilmiş və 6-valentli GDT-HepB-Hib-IPV vaksininin tətbiqinə başlanılıb. Profilaktik peyvəndlərlə əhatə göstəricisi qənaətbəxş olub, yenidoğulmuşlar HepB vaksini ilə 96,7%, vərəm əleyhinə BCG vaksini ilə 95,5% əhatə olunub”,- deyə məlumatda qeyd edilib.