Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə təkrar müraciət edib.
Trend-in xəbərinə görə, nazirlikdən bildirilib ki, aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində ötən gecə Novruz bayramının qeyd edilməsi ilə əlaqədar tonqalla bağlı 7 yanğına çıxış qeydə alınıb.
"Qeyd olunanları, habelə bir sıra bölgələrdə Novruz bayramı ilə əlaqədar mərasimlərin bu gün də davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!", - məlumatda deyilir.