Bakı. Trend:
Bakıda Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilib.
Trend xəbər verir ki, konfrans Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə baş tutub.
Tədbir çərçivəsində Azərbaycan milli mətbuatının 150 illiyi çərçivəsində BDU-nun Jurnalistika fakültəsində “Milli mətbuat tarixi auditoriyası”nın açılışı, “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin və fakültə tərəfindən yeni təsis edilən “Media problemləri” jurnalının təqdimat mərasimləri təşkil edilib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, rəqəmsallaşma dövrünün tələblərinə cavab verən jurnalistlərin hazırlanması prioritet məsələ kimi qarşıya qoyulmalıdır.
"Müstəqil dövlət qurmaq və ədalətli cəmiyyət formalaşdırmaq ideyası tarixən xalqımızın başlıca məqsədlərindən biri olub. Bu yüksək məqsədlərin həyata keçirilməsində milli mətbuatın xüsusi rolunun olduğu danılmazdır.
Böyük şəxsiyyət Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də əsasını qoyduğu “Əkinçi” qəzeti ilə başlayan milli mətbuatımız maarifçilik ideyalarının yayılmasında və ictimai düşüncənin inkişafında müstəsna rol oynayıb", - o qeyd edib.
Rektor bildirib ki, milli mətbuatımızın 150 illik yubileyinin geniş miqyasda qeyd olunması, həm də Azərbaycan mediasının keçdiyi tarixi mərhələlərə nəzər salmağı, ölkədə media və jurnalistika sahəsində formalaşan inkişaf meyillərinin təhlilini, bununla yanaşı qarşıda duran vəzifələrin müəyyənləşdirilməsini aktuallaşdırır:
“Əkinçi” ilə başlanan yeniləşmə və maarifçilik hərəkatı sonrakı dövrlərdə yeni ideyalarla zənginləşib, milli mətbuat ölkənin ictimai fikir tarixinin ayrılmaz tərkib hissəsinə çevrilib.
Hazırda öz tarixi inkişafının mühüm mərhələsini yaşayan, ərazi
bütövlüyünü və suverenliyini bərpa edən, qalib Azərbaycanda söz,
fikir və informasiya azadlığı, demokratik prinsiplərin təməl
daşları olaraq güclü bir şəkildə möhkəmləndirilib.
Bu azadlıqlar, cəmiyyətin inkişafı və müasir dövrdəki müstəqil
düşüncə ilə harmoniya içində olan bir dövlətin qüdrətlənməsinin ən
vacib amillərindəndir”.
E.Babayev vurğulayıb ki, həddindən artıq geniş informasiya axınının mövcud olduğu belə çətin dövrlərdə, dezinformasiyaların, yanlış xəbərlərin və manipulyasiyaların qarşısını almaq, cəmiyyətə düzgün, dürüst və operativ informasiyanın təqdim edilməsi xüsusi əhəmiyyət kəsb edir.
“Bu gün milli medianın əldə etdiyi əhəmiyyətli nailiyyətlərdən
geniş şəkildə bəhs etmək mümkündür. Bununla belə, mövcud
çağırışlar, xüsusilə də jurnalistika təhsilinin məzmun və forma
baxımından yenilənməsini, müasir tədris texnologiyalarının
tətbiqini və bu sahədə institusional potensialın gücləndirilməsini
zəruri edir.
Bu kontekstdə ölkə mediası üçün peşəkar jurnalist kadrlar
hazırlayan aparıcı ali təhsil müəssisəsi kimi Bakı Dövlət
Universiteti qarşısında mühüm vəzifələr dayanır.
Universitet jurnalistika təhsilinin məzmun və strukturunun yenilənməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə tədris prosesinin müasirləşdirilməsi istiqamətində fəaliyyətini daha da gücləndirməlidir.
Bununla yanaşı, mobil kommunikasiya vasitələrinin və sosial media platformalarının üstünlük təşkil etdiyi rəqəmsallaşma dövrünün tələblərinə cavab verən jurnalistlərin hazırlanması prioritet məsələ kimi qarşıya qoyulmalıdır. Jurnalistika sahəsində aparılan islahatların ali təhsil sistemi ilə effektiv şəkildə uzlaşdırılması, innovativ tədris metodlarının tətbiqi və müasir medianın çağırışlarına uyğun kadr hazırlığının təşkili Bakı Dövlət Universitetinin qarşısında duran əsas vəzifələr sırasında mühüm yer alır. Universitetin bu istiqamətdə həyata keçirdiyi kompleks və məqsədyönlü tədbirlər milli mətbuatın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və beynəlxalq informasiya məkanında mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”, - deyə o fikrini tamamlayıb.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, “Əkinçi” qəzetinin fəaliyyətə başlaması böyük fədakarlıq idi. Ondan sonra bir sıra mətbuat orqanları işıq üzü gördü.
O bildirib ki, sovet dövründə qapalı cəmiyyət olmasından asılı olmayaraq, Azərbaycan öz mətbuatını qoruyub saxlaya bildi:
“1991-ci ildə yeni qanun qəbul edildikdən sonra yeni yaradılan media orqanlarının sayı artdı. Azərbaycan mətbuat tarixində ən böyük hadisələrində biri 1998-ci ildə baş verdi. Belə ki, Ümummili Lider Heydər Əliyevin qərarı ilə senzura ləğv edildi. Prezident İlham Əliyev də müstəqil dövlət üçün müstəqil medianın önəmini hər zaman vurğulayıb".
Sədr vurğulayıb ki, artıq üç ildir ki, mətbyat yubileyləri Şuşada qeyd edilir.
“Prezident İlham Əliyev dünyanın müxtəlif yerlərindən gələn media mənsublarının suallarını cavablandırır. Mən arzu edərdim ki, Şuşada, həmçinin, Azərbaycan Mətbuat Muzeyi də yaradılsın”, - deyə R.Məcid qeyd edib.
Üsküdar Universitetinin rektoru Nazife Güngör bildirib ki, Üsküdar Universiteti olaraq Bakı Dövlət Universiteti ilə əməkdaşlığı yüksək dəyərləndirir və bu əməkdaşlıq çərçivəsində bir çox ortaq layihəni həyata keçirməyi hədəfləyirlər.
O bildirib ki, qarşılıqlı inam və dostluq prinsiplərinə əsaslanan bu əməkdaşlıq yalnız akademik sahədə deyil, həm də iki xalq arasında olan mədəni və mənəvi bağları daha da möhkəmləndirir:
“Bu konfrans çərçivəsində onlayn olaraq 200-dən çox məruzəçinin iştirakı nəzərdə tutulur. Bu isə bizə göstərir ki, elm, təhsil və araşdırma sahəsində maraq və dinamik əməkdaşlıq sürətlə genişlənməkdədir. Türkiyə və Azərbaycan arasındakı əlaqələr sadəcə siyasi münasibətlərlə məhdudlaşmır. Bu əməkdaşlıq elm, təhsil, mədəniyyət və digər sahələrdə də özünü göstərir. Təhsildəki əməkdaşlıq isə xüsusilə önəmlidir, çünki bizi çağdaş dünyaya inteqrasiya edən, gələcəyimizi formalaşdıran əsas amillərdəndir”.
Onun sözlərinə görə, Üsküdar Universiteti və Bakı Dövlət Universiteti birgə addımlar ataraq ortaq təhsil modelləri, akademik mübadilə proqramları və elmi layihələrlə gələcəyə birlikdə irəliləməyi məqsəd qoyub.
“Azərbaycanın və Türkiyənin müstəqillik hekayələri bir-birinə çox bənzəyir. Çünki bizim köklərimiz, tariximiz və mədəniyyətimiz ortaqdır. Bu ortaq kimlik bizi bir ailə kimi yaxınlaşdırır və təhsildə atdığımız hər bir addımı daha da mənalı edir”, - deyə rektor qeyd edib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib ki, yerli və qlobal miqyasda aktual və strateji məsələlərin müzakirəsi baxımından “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfrans ideal platformadır.
QSC sədri bildirib ki, rəqəmsallaşma bu gün bütün dünyanın əsas çağırışlarından biridir:
“Cəmiyyətlərin inkişafı, informasiya mübadiləsinin sürəti və şəffaflığı artıq birbaşa rəqəmsal texnologiyaların səviyyəsindən asılıdır. Lakin hər bir inkişafın müsbət tərəfləri ilə yanaşı, müəyyən mənfi cəhətləri də mövcuddur. Xüsusilə media sahəsində rəqəmsallaşma bəzən qeyri-peşəkarlığın, dezinformasiyanın və manipulyasiyanın yayılmasına səbəb olur. Bu səbəbdən də bu problemlərlə mübarizə yollarını müəyyənləşdirməli, müasir çağırışlara uyğun strategiyalar işləməliyik. Konfrans çərçivəsində bu və digər məsələlər – media etikası, informasiya təhlükəsizliyi, rəqəmsal savadlılıq və cəmiyyətin informasiya səviyyəsinin artırılması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılacaq.
R.Məmmədov əlavə edib ki, konfrans rəqəmsal dövrdə informasiya təhlükəsizliyini təmin etməyin yollarını müəyyənləşdirmək üçün yeni fürsətlər açır.
“Qarşımıza qoyulan əsas məqsədlərdən biri rəqəmsal dünya ilə
ayaqlaşmaq, bu dünyanın şərtlərin uyğunlaşmaq və onun tələb etdiyi
bilik və bacarıqları cəmiyyətimizə qazandırmaqdır.
Əminəm ki, bu konfransda aparılacaq müzakirələr və təqdim olunacaq
fikirlər bu sahədə irəliləyişlərə mühüm töhfə verəcək”, - deyə o
qeyd edib.