Bakı.Trend:
Baş Dövlət Yol Polisi toy karvanında hərəkət edənlərə xəbərdarlıq edib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntularının doğurduğu acı faciələr, məhv olan gənc talelər haqda məlumat verilməsinə baxmayaraq, hələ də bu qəbildən olan hadisələrlə rastlaşırıq.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir ki, yeni
ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy
karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına
münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı,
əksinə bir neçə nəqliyyat vasitəsinin ardıcıl hərəkəti zamanı
şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz
davranmaqla xoşagəlməz nəticələrə yol verməməlidirlər.
Nəzərə almaq lazımdır ki, toy karvanlarında nəqliyyat vasitələrinin
sayının minimuma salınması, iştirakçıların bir hərəkət zolağı üzrə
hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi,
sərxoş və hüquqsuz şəxslərə qətiyyən avtomibil etibar edilməməsi
tədbirin təhlükəsiz başlaması və başa çatması üçün başlıca
şərtdir.
"Eyni zamanda, toy sahibləri də qonaqlarına nəqliyyatın təhlükəsiz idarə olunması barədə xatırlatmalar etməli, hər bir sürücü isə həm özünün, həm də digərlərinin həyatını riskə atan davranışlardan çəkinməlidir",-əlavə edilib.