...

Azərbaycanın əqli mülkiyyət sahəsində dövlət siyasəti örnək göstərildi

Cəmiyyət Materials 13 Noyabr 2025 15:41 (UTC +04:00)

Bakı. Trend:

TASS informasiya agentliyinin məlumatına görə, 6 noyabr tarixində Moskvada Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasında (RANEPA) «Rusiyanın dövlət idarəçiliyi üçün elm” adlı II Beynəlxalq Konfrans keçirilib. Konfransda Avrasiya məkanında əqli mülkiyyətin dövlət idarəçiliyində rolu haqqında məruzələr edilib və Azərbaycan Respublikasının əqli mülkiyyət sahəsindəki dövlət siyasəti xüsusilə örnək göstərilib.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının əməkdar hüquqşünası, birinci dərəcəli dövlət müşaviri, keçmişdə RF Əqli Mülkiyyət üzrə Federal Xidmətinin (Rospatent) rəhbəri, hal-hazırda Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev Avrasiya məkanında əqli mülkiyyət məsələlərinin regional tənzimlənməsi ilə bağlı məruzəsində müəllif hüquqları və əlaqəli hüquqların, eləcə də sənaye mülkiyyəti hüquqlarının idarəçilik funksiyalarını cəmləşdirən, əqli mülkiyyət sahəsində dövlət siyasətini formalaşdıran və zəruri tədbirləri hazırlaya bilən vahid icra orqanının təsis edilməsinin vacibliyini vurğulayıb.

Q.İvliyev Rusiyada belə bir vahid qurumun olmadığına diqqət yetirərək, bu sahədə Azərbaycan Respublikasının uğurlu təcrübəsindən yararlanmağı tövsiyə edib.

“Avrasiya məkanında Əqli Mülkiyyət Məsələlərinin Regional Tənzimlənməsi” adlı məruzəsində o, Azərbaycan Respublikasını nümunə göstərərək, 2018-ci ildə Azərbaycanda yaradılan Əqli Mülkiyyət Agentliyinin əqli mülkiyyətin bütün sahələrində uğurlu idarəetmə təcrübəsindən söz açıb.

Qriqori İvliyev Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun nüfuzlu beynəlxalq “Промышленная собственность” (“Sənaye mülkiyyəti”) jurnalında dərc olunan “Müasir Əqli Mülkiyyət İdarəsinin formalaşdırılması və fəaliyyəti haqqında” məqaləsinə istinad edərək, bildirib ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı institusional islahatlar çərçivəsində əqli mülkiyyət fəaliyyətinin səmərəliliyini artırmaq və innovasiya prosesinə daxil etmək məqsədilə 2018-ci ildə ləğv olunan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdindəki Patent mərkəzi ilə Müəllif Hüquqları Agentliyinin birləşdirilməsi nəticəsində Azərbaycan Əqli Mülkiyyət Agentliyi yaradılmışdır. Beləliklə, əqli mülkiyyətin hər iki qolu idarə etmək üçün vahid qurum təsis olunmuş və bu, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə icra hakimiyyəti orqanlarına bərabər müstəqil status almışdır.

“Azərbaycan dövlət siyasətinin təcrübəsinə əsasən, əqli mülkiyyətin idarə edilməsi sistemi yaradılarkən, ənənəvi hüquqi anlayışla yanaşı, iqtisadi və sosial-mədəni aspektləri də əhatə edən əqli mülkiyyətin müasir anlayışını nəzərə almaq vacibdir və burada sənaye mülkiyyətinin və müəllif hüquqlarının tək bir çətir altında cəmləşməsinin zəruriliyi aydın görünür”, – deyə Q. İvliyev qeyd edib.

Məruzəçi statistikaya istinad edərək bildirib ki, hazırda 98 ölkədə əqli mülkiyyət idarələri vahid bir qurum altında fəaliyyət göstərir: “Bunlardan 37 ölkədə əqli mülkiyyət idarələri daha yüksək statusa malik digər qurumlara daxil deyil və onlara tabe olmur. 37 inkişaf etmiş ölkə arasında Azərbaycan xüsusi yer tutur. Bu uğurlu təcrübə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar çərçivəsində Azərbaycanda əqli mülkiyyət sisteminin təkcə hüquqi funksiyaları deyil, həm də iqtisadi, sosial-mədəni funksiyaları yerinə yetirməsindən irəli gəlir”.

Tədbirdə həmçinin RF Baş nazirinin müavini Dmitri Çernışenko, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının rektoru Aleksey Komissarov, RF Prezidentinin İcra Aparatının Prezident Kitabxanasının baş direktoru Yuri Nosov və başqaları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti