Bakı.Trend:
Cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə şəhərsalma və memarlıq sahəsində misilsiz nailiyyətlər əldə olunub. Şəhərlərimizin planlı inkişafı yeni bir məzmun alıb.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi münasibətilə jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, Bakı şəhərinin, eləcə də ölkəmizin digər şəhərlərinin planlaşdırma sənədləri hazırlanıb və Bakının Baş planı 2023-cü ilin sonlarında qəbul edilib:
“Həmin plana uyğun olaraq Bakı şəhərində ardıcıl və davamlı işlər görülür, yaşayış məhəllələri salınır, sənaye obyektləri inşa edilir, yol-nəqliyyat infrastrukturu yenilənir və bir sıra digər zəruri tədbirlər, o cümlədən ekologiyanın sağlamlaşdırılması istiqamətində tədbirlər görülür”.
İ.İsbatov bildirib ki, ötən dövrdə inşa edilmiş Heydər Əliyev Mərkəzi, Ağ Şəhər layihələri, müxtəlif yaşayış kompleksləri misilsiz şəhərsalma və memarlıq nümunələridir və növbəti illərdə ölkəmizdə memarlığın və şəhərsalmanın inkişafına ciddi təkan verən amillərdir:
“Mən əlavə olaraq xüsusi qeyd etmək istəyirəm ki, bu dövrdə landşaft memarlığında da böyük nailiyyətlər əldə olunub. İstər Dənizkənarı Milli Parkın yenidən qurulması, istərsə də Mərkəzi Şəhər Parkının salınması bu sahədə böyük nailiyyətlərdir. Şəhərimizin ekoloji sağlamlığının yaxşılaşdırılmasına və sakinlərin asudə vaxtlarının səmərəli və mənalı keçirilməsinə şərait yaradılıb”.
