Bakı. Trend:
İşləyən pensiyaçı vətəndaşlarımızın pensiya kapitalından istifadə 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4 ildən bir həyata keçirilsin.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında deyib.
Millət vəkili xatırladıb ki, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur. 6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır.
Deputat bildirib ki, pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı)) bölünməklə pensiya məbləği yenidən hesablanır.
“İşləyən vətəndaşlarımızın pensiyasına əlavələr 2 dəfə - 6 ildən bir edilir. Bu o deməkdir ki, 65 yaşında pensiyaya çıxan və işləməyə davam edən vətəndaşımızın ikinci dəfə pensiyasına əlavələr 77 yaşında edilir.
Əksər inkişaf etmiş ölkələrdə, bu hallarda pensiya kapitalından istifadə üçün müəyyənləşdirilmiş müddət daha qısa zamanı əhatə edir.
Ona görə təklif edərdim ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliyə baxılsın və işləyən pensiyaçı vətəndaşlarımızın pensiya kapitalından istifadə 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4 ildən bir həyata keçirilsin.
Bu hal işləyən pensiyaçıların topladığı pensiya kapitalından daha səmərəli istifadəsinə və o vətəndaşlarımızın pensiyalarında daha çox artıma səbəb olar. İşləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq bu dəyişiklik ilə çoxlu sayda vətəndaşlarımızın pensiya məbləğlərini artardı”, - deyə V.Bayramov fikrini tamamlayıb.
