...

AZƏRBAYCAN QANUNVERİCİLİYİ İKİLİ VƏTƏNDAŞLIQ İNSTİTUTUNU NƏZƏRDƏ TUTMUR VƏ BUNUNLA GÜRCÜSTANDA YAŞAYAN AZƏRBAYCANLILARIN TƏLƏBLƏRİNİN BİR HİSSƏSİ YERİNƏ YETİRİLMİR

Cəmiyyət Materials 2 Sentyabr 2005 15:15 (UTC +04:00)

Azərbaycan qanunvericiliyi ikili vətəndaşlıq institutunu nəzərdə tutmur və bu, Gürcüstanda yaşayan azərbaycanlıların tələblərinin bir hissəsinin yerinə yetirilməsini mümkünsüz edir.

Bu barədə Trend agentliyinə Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov sentyabrın 1-də Gürcüstanın Qardabani rayonunun Vaxtangisi kəndində etiraz aksiyası təşkil etmiş Telman Həsənovun tərəfdarlarından ibarət qrupun bəyanatını şərh edərkən bildirib.

E. Poluxov qeyd edib ki, öncə aksiyanın Qardabani rayonunun iki kəndində - Vaxtangisi və Sadahlıda keçirilməsi planlaşdırılırdı, amma bir sıra səbəblərdən Sadahlı kəndində aksiya baş tutmayıb.

"Hər halda T.Həsənovun tələblərinin bir hissəsi yerinə yetirilmədi, belə ki, bu, Azərbaycanın qanunlarına ziddir"-deyə E. Poluxov vurğulayıb və qeyd edib ki, onun tərəfdarlarının bəyannamələrində təkcə Gürcüstanda yaşayan azərbaycanlıların ikili vətəndaşlıq tələbi yox, həm də azərbaycanlılara qarşı törədilmiş bütün cinayətlərin açılması, torpaq mülkiyyətinin verilməsi, torpaq islahatlarında azərbaycanlıların maraqlarının nəzərə alınması kimiməsələlər də əhatə olunub.

Səfirliyin nümayəndəsi qeyd edib ki, "son aksiyalarda yalnız Gürcüstan vətəndaşları iştirak edib və bu məsələ həmin ölkənin daxili problemidir".

Xatırladaq ki, Telman Həsənovun tərəfdarları sentyabrın 1-də etiraz aksiyası keçirib və avtomobil yolunda hərəkəti dayandırmağa cəhd edib, amma polislər buna icazə verməyib.

T.Həsənov 1989-cu ildən aksiyalar keçirir. O, sentyabrın 15-16-da daha kütləvi aksiya keçirəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti