"İctimai Televiziyanın nöqsanlarını biz özümüz hamıdan yaxşı bilirik və aradan qaldırmağa çalışırıq". Bu fikirləri Trend ə açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin televiziya üzrə direktor müavini Çingiz Aslanov bildirib.
O, İctimai Televiziya (İTV) barəsində tənqidi fikirlərə münasibətini bildirərkən deyib ki, hələ bir neçə gündür efirə çıxan yeni telekanalda texniki qüsurlara yol verildi.
Amma bu nöqsanlar əsasən, texniki avadanlıqların tamamilə yeni və Cənubi Qafqazda indiyədək istifadə edilməyən avadanlıqlar olması ilə əlaqədardır.
"Texniki işçilərin bu yeni avadanlıqlardan istifadə etməsi, onları mənimsəməsi bir qədər çətin oldu. Yayım vaxtı bir sıra səhvlərə yol verildi.
Amma bu texniki qüsurlar tədricən aradan qaldırılır, informasiya yığımında artıq irəriləyiş var. Məsələyə insafla yanaşdıqda, İctimai Televiziyanın fəaliyyətini müsbət qiymətləndirmək olar.
Burada peşəkarlar çalışırlar, eyni zamanda biz ictimaiyyətə tamamilə yeni simalar göstərməyə çalışırıq. Ona görə də digər telekanalların tanınmış əməkdaşlarını bura qəbul etmədik"-deyə İTV-nin direktoru müavini bildirib.
Çingiz Aslanov onu da deyib ki, İTV-də siyasi məsələlərlə bağlı balans gözlənilir, rəsmi dövlət məlumatlarına çox yer verilmir, yalnız ən vacib və əhəmiyyətliləri ictimaiyyətə təqdim olunur. Ç.Aslanov əlavə edib ki, artıq iki gündür müxalifəti təmsil edən şəxslər, siyasətçilər dəvət olunur, onların fikirlərinə yer ayrılır.
"AXCP-nin sədr müavini Kamil Vəli Nərimanoğlu da bizə müraciət edib və biz onu dəvət etmiqik, bu gün axşam bir saat ərzində canlı yayımda öz fikirlərini söyləyəcək. Ölkədəki bütün siyasi qüvvələr arasında bərabərliyi qoruyacağıq"-deyə Ç.Aslanov qeyd edib.
O, həmçinin İTV barəsində kəskin tənqidlər səsləndirən tanınmış televiziya aparıcığı Rafiq Hüseynovun fikirlərinə münasibət bildirərkən onu "qərəzli adam" adlandırıb. Ç.Aslanovun sözlərinə görə, Rafiq Hüseynov İctimai Televiziyanın Yayım Şurasına seçilmədiyinə görə hər zaman İTV haqqında mənfi fikirlər səsləndirəcək.
Televiziya üzrə müavin bildirib ki, hələlik ölkənin 65 faiz ərazisinə yayımlanan İTV bir ay ərzində 95 faiz ərazini əhatə edəcək. Yayım keyfiyyətinin hələlik aşağı olmasına gəldikdə Ç.Aslanov bildirib ki, bu məsələ ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məşğul olur. O, İTV-nin artıq "Türksat" peykinə qoşulduğunu da açıqlayıb.