...

BAKIDA GƏNC HÜQUQŞÜNASLARIN BEYNƏLXALQ KONFRANSI İŞİNƏ BAŞLAYIB

Cəmiyyət Materials 10 Sentyabr 2005 13:45 (UTC +04:00)

Mərkəzi qərargahı Brüsseldə yerləşən Gənc Hüquqşünasların Beynəlxalq Assosasiyası və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin təşkilatçılığı ilə sentyabrın 10-da Bakıda "Gənc Hüquqşünasların Birinci Beynəlxalq Bakı konfransı" işinə başlayıb. Trend in məlumatına görə, konfransda ATƏT-in, Azərbaycan Prezident Aparatının, Milli Məclisin, nazirliklərin rəsmi şəxsləri, qeyri-hökumət və hüquqşünas təşkilatlarının nümayəndələri, həmçinin ABŞ, Belçika, Braziliya, İtaliya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Özbəkistan, Qırğızıstan, Türkiyə, Niderland və digər ölkələrdən olan hüquqşünaslar iştirak ediblər.

Gənc Hüquqşünaslar Birliyinin sədri Nadir Adilov tədbir barədə məlumat verərək bildirib ki, konfransın təşkilində əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan gənc hüquqşünasların bir araya gələrək müəyyən peşə problemlərini, perspektivləri, regional və beynəlxalq miqyasda gedən hüquqi prosesləri müzakirə etməkdir. O, Beynəlxalq Bakı konfransının ATƏT-in Azərbaycandakı nümayəndəliyinin, Gənclər İdman və Turizm Nazirliyinin və Amerika Hüquqşünaslar Asossasiyasının dəstəyi ilə keçirildiyini diqqətə çatdırıb.

Konfransda Gənc Hüquqşünasların Beynəlxalq Assosasiyasının fəaliyyətdə olan prezidenti Frans Duynstee çıxış edərək dünyanın müxtəlif ölkələrini təmsil edən gənc hüquqşünasların təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb, hüquqşünasların hüquqi sahədə biliklərə birgə yiyələnməsinin dünya təcrübəsində tez-tez tətbiq edildiyini qeyd edib.

Prezident Aparatının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov çıxışında Azərbaycanda hüquqi və digər sahələrdə aparılan islahatlar barədə məlumat verib. O bildirib ki, bu beynəlxalq konfransın Bakıda keçirilməsi təsadüfi deyil və Azərbaycanın beynəlxalq aləmə uğurlu inteqrasiyası, həmçinin, regionda aparıcı dövlətə çevrilməsi ilə bağlıdır. F.Ələsgərov son 10 ildə Azərbaycanda bir sıra dəyişikliklərin baş verdiyini, Konstitusiyanın qəbul olunmasından sonra hüquqi dövlət quruculuğuna başlandığını, insan hüquqlarının təminatına yönəldilmiş hüquq-mühafizə mexanizmlərinin qurulduğunu diqqətə çatdırıb. Azərbaycan dövlətinin ali məqsədinin insan haqlarının təminatı olduğunu deyən Prezident Aparatı rəsmisi vurğulayıb ki, ölkədə ədliyyə, hüquq-mühafizə, məhkəmə sistemlərində həyata keçirilən islahatlar məhz buna yönəlib. Hüquq sahəsinə dair yüzlərlə qanunlar, məcəllələr qəbul olunduğunu, hüquqi dövlətin qanunvericilik bazasının formalaşdırıldığını deyib. F.Ələsgərov qeyd edib ki, ölkə prezidentinin rəhbərliyi altında qanunvericiliyin təkmilləşdirilməsi prosesi gedir, həmçinin, məhkəmədən kənar insan hüquqları ilə məşğul olan Ombudsman təsisatı yaradılıb.

Prezident Aparatı rəsmisi, həmçinin, ölkədə vəkillərin hüquq bərabərliyinə mane olan problemlərin aradan qaldırıldığını, bundan sonra vəkillərin sayının xeyli artdığını, əvvəllər yalnız lisenziya ilə fəaliyyət göstərən hüquqşünasların indi Vəkillər Kollegiyasının üzvü olduğunu bildirib. Fuad Ələsgərov Azərbaycanda korrupsiya ilə mübarizə haqqında qanunun qəbul olunması, korrupsiya ilə mübarizəyə dair dövlət qurumu yaradılması barədə də məlumat verib. O, görülən bütün işlərdə, aparılan islahatlarda gənc hüquqşünasların önəmli rol oynadığını vurğulayıb.

Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev çıxışında dövlətin gənclər siyasəti haqqında qanunu barədə məlumat verib, gənclərin ölkə həyatında, müxtəlif sahələrdə fəal şəkildə təmsil olunduğunu deyib. Onun sözlərinə görə, gənc hüquqşünasların beynəlxalq Bakı konfransı beynəlxalq təcrübəni öyrənmək, qanunvericilik bazasını təkmilləşdirmək baxımından böyük önəm daşıyır. Ə.Qarayev bildirib ki, gənclərlə iş, idman, turizm sahələrinə dair qanunvericiliyin təkmilləşdirilməsi, bu prosesdə gənc hüquqşünasların iştirakı rəhbərlik etdiyi nazirlik üçün xüsusi əhəmiyyət kəsb edir.

Ədliyyə Nazirinin birinci müavini Toğrul Musayev Azərbaycanın Avropa Şurasının üzvü kimi həyata keçirdiyi hüquqi islahatları davam etdirdiyini, gənclərin hüquqi statusuna dair 30-a yaxın normativ aktlar, gənclər siyasəti haqqında qanun, xüsusi dövlət proqramının qəbul olunduğunu diqqətə çatdırıb. O, bu il keçiriləcək parlament seçkisində iştirak edən namizədlərin 184-nün hüquqşünas, 400-dən çoxunun gənclər olduğnu deyib.

Milli Məclisin Hüquqi Siyasət və Dövlət Quruculuğu daimi Komissiyasının sədri Əli Hüseynov Azərbaycanda sentyabrın 18-də məhkəmə seçkisi, noyabrın 6-da isə parlament seçkisi keçiriləcəyini, hər iki seçkidə gənc hüquqşünasların fəal iştirak edəcəyini, aktivlik göstərəcəyini bildirib. Ə.Hüseynovun sözlərinə görə, gənc hüquqşünaslar seçkili orqanlarda nə qədər çox təmsil olunsalar, dövlət quruculuğu üçün bir o qədər əhəmiyyətli olar.

ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi isə bildirib ki, müxtəlif sahələrə dair islahatların həyata keçirildiyi Azərbaycan dövləti Avropa ailəsinə daxil olmaq istəyir. Bunun üçün müxtəlif beynəlxalq qurumlar qarşısında öhdəliklər götürülüb. M.Pavesi bildirib ki, Azərbaycanda vəkillik sahəsində islahatlar zəif həyata keçirilir. ATƏT səfiri qeyd edib ki, insan haqları ilə bağlı dünyanın hər yerində yaradılan təsisatlar sadəcə formallıq deyil, hər bir dövlətin əməli fəaliyyətində əksini tapmalıdır.

Gənc Hüquqşünasların Beynəlxalq Assosiasiyasının növbəti il üçün prezidenti Nikol Van Ranst, qurumun baş katibi Mark Kreqer və digər şəxslərin məruzələri dinlənilib. Beynəlxalq konfrans sentyabrın 13-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti