Sentyabrın 19-dan 30-dək Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təşkilatçılığı ilə insani dəyərlərə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutundan məlumat verilib.
İnstitutun direktoru siyasi elmlər doktoru Rövşən Mustafayevin iştirak edəcəyi tədbirdə müstəqilliyini bərpa etmiş ölkələrdə demokratiya problemləri, seçkiqabağı vəziyyət, ATƏT-in beynəlxalq hüquq normalarının inkişafı, irqi ayrı-seçkiliyə qarşı mübarizə istiqamətində fəaliyyət və digər məsələlər müzakirə olunacaq.
R.Mustafayev konfransda parlament seçkiləri ərəfəsində ölkəmizdəki ictimai-siyasi vəziyyət haqqında təhlili məruzə ilə çıxış edəcək.
Bundan əlavə, konfransın xüsusi sessiyasında AMEA-nın İnsan Hüquqları İnstitutunun təşəbbüsü ilə Şərqdə ilk dəfə yaradılmış "İnsan hüquqlarına dair beynəlxalq elmi şura" layihəsinin təqdimatı olacaq.