Media Hüququ İnstitutu Milli Teleradio Şurasının fəaliyyəti ilə bağlı bəyanat qəbul edib. Bu barədə Trend ə Media Hüququ İnstitutundan məlumat verilib. Bu qurum Milli Teleradio Şurasının ANS şirkətinin Şəki şəhərində radio yayımını həyata keçirməsinə görə xəbərdarlıq etməsindən təəssüfləndiyini bildirib. İnstitutun direktoru Rəşid Hacılı Milli Teleradio Şurasının bu addımının ölkədə radio və televiziya yayımının genişlənməsinə qarşı yönəldiyini deyib. O, Şuranın televiziya və radio məkanında müsbət dəyişikliyə yönəlmiş hər hansı bir iş görmədiyini bildirib.
R.Hacılı hesab edir ki, Şura Televiziya və Radio Fəaliyyəti haqqında Qanundan medianın inkişafı üçün, elektron KİV-lərin keyfiyyətinin, qanunauyğun fəaliyyətinin güclənməsi üçün yox, hökumətdəki bəzi dairələrin qanunsuz sifarişlərinin yerinə yetirilməsi üçün sitifadə edir. Rəşid Hacılı iddia edib ki, Milli Teleradio Şurası yarandığı 3 il ərzində heç bir yeni televiziya və radionun yaranmasına imkan verməyib, teleradio haqqında qanunun pozulmasına göz yumub, dövlət büdcəsindən aldığı pulları heç bir səmərə verməyən işlərə sərf edib.
Media Hüququ İnstitutu hesab edir ki, Şura Azərbaycanda teleradio sahəsindəki fəaliyyəti inkişaf etdirmək, tənzimləmək, gerçəkdən azad və peşəkar teleradio məkanının yaradılması vəzifəsini yerinə yetirmək qabiliyyətində deyil.