...

Söz Azadlığı Günü ilə əlaqədar tədbirlər Həsən bəy Zərdabinin məzarını ziyarətlə başlayıb

Cəmiyyət Materials 3 May 2006 12:53 (UTC +04:00)

Mayın 3-də Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrinin (KİV), jurnalist təşkilatlarının rəhbərləri Ümumdünya Söz Azadlığı Gününü qeyd edirlər. Trend in məlumatına görə, bu münasibətlə keçirilən tədbirlər səhər saat 10.00-da Həsən bəy Zərdabinin məzarını ziyarətlə başlayıb. Jurnalist və redaktorlar Azərbaycan mətbuatının banisi, "Əkinçi" qəzetinin yaradıcısı olan görkəmli ziyalı Həsən bəy Zərdabinin məzarı önünə gül-çiçək dəstələri qoyub, onun ruhuna dualar oxuyublar. Zərdabinin məzarı qarşısında çıxışlar olub, onun xatirəsi yad edilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov, Müstəqil Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, "Avrasiya" mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "Ruh" Jurnalistləri Müdaifə Komitəsinin sədri Hüquq Salmanov, Zərdabi Mətbuat Mərkəzinin rəhbəri İbrahim Məmmədli çıxış edərək H.Zərdabinin Azərbaycan mətbuatının bünövrəsinin qoyulması, sonrakı dövrlərdə inkişafı, söz və fikir azadlığının yaranmasında oynadığı əvəzsiz rolundan danışıblar.

Qeyd edək ki, bu anım törəni Zərdabi Mətbuat Mərkəzinin təşəbbüsü ilə baş tutub. Ümumdünya Söz Azadlığı Günü münasibəti ilə düzənlənən tədbirlər bu gün davam etdiriləcək. Saat 15.00-da "Park-İNN" otelində "Azərbaycan mediasının bu günü və perspektivləri" mövzusunda dəyirmi masa keçiriləcək. Milli Televiziya və Radio Şurasının Mətbuat Şurası ilə birgə təşkil etdiyi bu tədbirdə redaktorlar, KİV rəhbərləri, ekspertlər mediamızın inkaşaf yolları, problemləri, gələcək perspektivləri barədə məruzələr edəcək, təklif və rəylərini bildirəcəklər. Sonra saat 16.00-da Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası ilə "Ruh" Jurnalistləri Müdaifə Komitəsinin birgə tədbiri keçiriləcək, medianın durumu ilə bağlı hazırlanmış hesabat açıqlanacaq. Bu gün həmçinin söz azadlığı günü ilə əlaqədar yeni bir jurnalist qurumunun yaradılması elan olunacaq.

Xəbər lenti

Xəbər lenti