Beynəlxalq kateqoriyalı arbitr Faiq Həsənov Veselin Topalov və Vladimir Kramnik arasında payızda Elistdə keçiriləcək dünya çempionu adı uğrundakı oyunda baş hakim vəzifəsinə əsas namizəddir.
F.Həsənovun Trend ə verdiyi xəbərə görə, FİDE gələcək oyunun iştirakçılarına üç namizədin arasından hakim seçmək hüququ verib. "Məndən başqa, siyahıya Hollandiya və Yunanıstan hakimləri daxil olub, lakin həm V.Topalov, həm də V.Kramnik görüşü mənim aparmamı istəyirlər. İndi söz Beynəlxalq Federasiyanındır, Federasiya görüşün əsas arbitrini təsdiqləməlidir", - deyə F.Həsənov qeyd edib.
Qeyd etmək lazımdır ki, indiyə qədər Azərbaycan arbitrlərinə bu cür nüfuzlu görüşü idarə etmək qismət olmayıb.