İyulun 18-də Çakvi kurort ərazisində (Acarıstan MR, Qərbi Gürcüstan) 3 həftəlik beynəlxalq "Yay televiziya düşərgəsi" açılacaq. "İnternyus" Fondundan Trend in xüsusi müxbirinə verilən məlumata görə, seminar zamanı Azərbaycan, Gürcüstan və Ermənistandan olan uşaqlar telejurnalist vərdişlərinə yiyələnəcək.
Yay teledüşərgəsinin açılış mərasiminin saat 10:00-da başlanması planlaşdırılır. Yaşı 14-dən 17-dək olan 6 nəfər azərbaycanlı, gürcü və erməni yeniyetmə Bakı, Tiflis və İrəvanda keçirilmiş müsabiqələr əsasında seçilib. 3 həftə ərzində gələcək jurnalistlər telejurnalistikanın əsaslarını öyrənəcək, teleçəkiliş, kompüter montajı bacarığına yiyələnəcək. Seminarı Rusiyadan (Tomsk) olan mütəxəssis Yulya Muçnik və "İnternyus"un hər üç ölkədəki ofislərinin əməkdaşları aparacaq.
Sentyabrdan başlayaraq yay teledüşərgəsində olmuş gənc jurnalistlərdən ibarət yeni qrup yeniyetmələr üçün "Bizim ekspress" beynəlxalq proqramının yaradıcı qrupuna qoşulacaq. Proqram Gürcüstanda hər bazar günü saat 11:30-da İctimai televiziyanın efirinə çıxır.
Layihə USAİD-in maliyyə dəstəyi ilə "İnternyus" fondu tərəfindən gerçəkləşdirilir.