...

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindəki yanğınların vurduğu zərər 1,3 mln. AZN-ı ötüb

Cəmiyyət Materials 25 İyul 2006 15:34 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən işğal olunmuş ərazilərdə aparılmış müşahidələr nəticəsində müəyyən edilib ki, son günlər ərzində Ermənistan tərəfindən Tərtər rayonunun Qapanlı, Seysulan və Ağdam rayonunun Boyəhmədli kəndlərinin əraziləri yandırılıb. Bütün bu faktlar videolentə alınıb və fotoşəkilləri çəkilib. Bu barədə Trend nazirliyin mətbuat xidmətinə istinadən xəbər verib.

Məlum olub ki, (Tərtər) Qapanlı və Seysulan ərazilərində yanğınlar nəticəsində 500 ha-dan çox ərazi yandırılıb, həmin ərazidəki fauna və flora növləri məhv edilib. Mütəxəssislərin fikrincə, yanğınların qarşısını almaq üçün təcili tədbirlər həyata keçirilməzsə, ərazidə atmosfer havasının normadan artıq çirklənməsi bəzi ekoloji dəyişikliklərə, bir sıra fauna və flora növlərinin nəslinin kəsilməsinə səbəb ola bilər.

Boyəhmədlidə (Ağdam) yanmış ərazinin sahəsi 600 ha-dan artıqdır, burada ot örtüyü, ağac və heyvanların bir neçə növü kütləvi şəkildə məhv edilib.

Tərtər rayonunda atmosferin çirklənməsi üzrə 13 min AZN, bitki örtüyü üzrə 55 min AZN və torpağın münbit üst qatına 550 000 AZN məbləğində ziyan vurulub. Yanğınlar nəticəsində rayonun ətraf mühitinə 618 min AZN-dən artıq ziyan dəyib.

Ağdam rayonu üzrə atmosfer havasının çirklənməsinə 16 min AZN, bitki örtüyünə 66 min AZN və torpağın münbit üst qatına isə 660 min AZN məbləğində ziyan vurulub. Ağdam üzrə ziyanın ümumi məbləği təxminən 750 min AZN təşkil edib.

Bu vaxt ərzində əhaliyə vurulan ziyanın ümumi məbləği 1,374 mln. AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti