...

Litva parlamentinin vitse-spikeri və xarici işlər nazirinin müavini Azərbaycanda qeyri-rəsmi səfərdədir

Cəmiyyət Materials 27 İyul 2006 20:34 (UTC +04:00)

Litva Respublikası parlamentinin vitse-spikeri və xarici işlər nazirinin müavini Azərbaycanda qeyri-rəsmi səfərdədir. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Şərqi Avropa ölkələri şöbəsinin müdiri Dəyanət Abdullayev məlumat verib.

O bildirib ki, Dövlət Komitəsinin dəvəti ilə Litvadan 4 nəfərdən ibarət nümayəndə heyəti qeyri-rəsmi səfərə gəlib. Litva Seyminin (parlamenti) sədr müavini Qintoras Stepanoviçus, Litva xarici işlər nazirinin müavini Darius Yurqeleviçus, həmçinin Litvada özəl bank sahibi və beynəlxalq-ictimai təşkilatının rəhbəri ölkəmizdədir. Dəyanət Abdullayev bildirib ki, həmin şəxslərin Litva hökumətinin diasporla iş məsələləri, dövlətin diaspor təşkilatlarına qrant ayırması, milli azlıqlarla iş sahələrində yüksək təcrübəsi var. Dövlət Komitəsi Litvanın Nazirlər Kabinetinin Milli Azlıqlar və Miqrasiya Departamenti ilə əməkdaşlıq edir, onun bu sahədəki təcrübəsindən yararlanmağa çalışır.

"Bakıda səfərdə olan litvalı qonaqlar Azərbaycanın bu günkü vəziyyəti, inkişafı, həmçinin problemləri, qaçqın və məcburi köçkünlər məsələsi ilə maraqlanırlar. Onlar Dağlıq Qarabağ məsələsi barədə dəqiqliklə məlumatlıdırlar və ölkələrində həmişə Azərbaycanın mövqeyini müdafiə edirlər. Dövlət Komitəsi onlarla əməkdaşlığı çərçivəsində Azərbaycanın Litvadakı diasporunun bu ölkəyə inteqrasiyası, fəaliyyətlərinin gücləndirilməsinə çalışır. Həmçinin Litva Seyminin sədr müavini Qintoras Stepanoviçus, xarici işlər nazirinin müavini Darius Yurqeleviçusun vasitəsilə Azərbaycan həqiqətlərinin Litva ictimaiyyətinə çatdırılmasına çalışırıq"-deyə Komitə nümayəndəsi qeyd edib.

Qeyd edək ki, Qintoras Stepanoviçus həm də Litva Seymində Liberallar Fraksiyasının rəhbəridir. D.Abdullayev bildirib ki, litvalı qonaqlar iyulun 29-da ölkələrinə qayıdacaqlar.

Xəbər lenti

Xəbər lenti