...

İrqçilik və Dözümsüzlük Əleyhinə Avropa Komissiyasının nümayəndələri milli azlıqların vəziyyəti ilə tanış olacaq

Cəmiyyət Materials 27 Sentyabr 2006 10:39 (UTC +04:00)

Azərbaycanda milli azlıqlarla bağlı ciddi problem yoxdur. Trend xəbər verir ki, bu barədə Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova İrqçilik və Dözümsüzlük Əleyhinə Avropa Komissiyasının nümayəndələri ilə görüşündə vurğulayıb.

Rəbiyyət Aslanova Azərbaycanda demokratik cəmiyyət və hüquqi dövlət quruculuğu sahəsində görülən tədbirlər, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin institutları ilə əməkdaşlıq barədə qonaqlara ətraflı məlumat verib. O bildirib ki, insan hüquq və azadlıqlarının qorunması, bəzi ölkələrdə mövcud olan milli, dini və irqi problemlərin həlli istiqamətindəki fəaliyyətinizi diqqətlə izləyirik və bəyənirik.

Komissiya sədri qeyd edib ki, 2002-ci ildə Azərbaycanda dini, irqi və milli münasibətlərə dair təşkilatın hazırladığı hesabatda qeyd olunan problemlərin böyük əksəriyyəti öz həllini tapıb. Ölkəmizdə milli azlıqlarla bağlı ciddi problemin olmadığını vurğulayan Rəbiyyət Aslanova milli azlıqlarla bağlı yaradılan möhkəm və işlək qanunvericilik bazası haqqında da qonaqlara ətraflı məlumat verib.

İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyasının isveçli məruzəçisi Kristian Ahlund qurumun 2002-ci ildə hazırladığı hesabatda əksini tapmış problemlərin həllini yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycana səfər çərçivəsində bir sıra bölgələrə baş çəkəcək, milli azlıqların vəziyyəti ilə yerində tanış olacaq.

Xəbər lenti

Xəbər lenti