...

Dövlət Komitəsinin başçısı hesab edir ki, dünyada yaşayan türk və azərbaycanlıların vəhdəti zəruridir

Cəmiyyət Materials 31 Oktyabr 2006 15:00 (UTC +04:00)

Gələcək Fransa parlamentinin potensial namizədləri ilə yaxın əlaqə qurmaq üçün işə başlamaq lazımdır. Trend xəbər verir ki, bu barədə Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin başçısı Nazim İbrahimov Fransa Milli Assambleyasının ölkədəki erməni lobbisinin təzyiqi altında qondarma erməni soyqırımının inkar edilməsinə görə cəzanın nəzərdə tutulduğu qanun layihəsinin qəbul olunmasını şərh edərkən bildirib.

N.İbrahimov hesab edir ki, dünyada yaşayan yüzlərlə türk və azərbaycanlının vəhdəti zəruridir. "Bu, nəinki Fransa parlamentində belə qanunların qəbul olunmasının qarşısını alacaq, həm də Azərbaycan və Türkiyənin xeyrinə qanunların qəbul olunmasına köməklik göstərəcək", - deyə o qeyd edib.

Komitə başçısı bildirib ki, Azərbaycanda 2007-ci ilin mart aynda azərbaycanlı diaspor təşkilatlarının ilk forumu keçiriləcək və bu görüş zamanı vahid strategiya hazırlanacaq. Hazırda bununla bağlı Türkiyə tərəfi ilə danışıqlar aparılır.

N.İbrahimovun sözlərinə görə, Azərbaycan yəhudi diasporu ilə də əməkdaşlıq edir. O xatırladıb ki, noyabrın 8-də ABŞ-a səfər edəcək və orada yəhudi diaspor nümayəndələri ilə görüşlər keçirəcək. Gələn il ABŞ yəhudilərinin illik konfransında bir gün Azərbaycana həsr olunacaq. "Lakin yəhudi və türk diasporları arasında müəyyən əməkdaşlığın olması zəruridir. Hələ ki, bu əməkdaşlıq zəifdir. Ona görə də biz hələ yalnız türk diasporuna bel bağlıya bilərik. Lakin eyni zamanda dünyada digər diasporlarla da sıx iş görülür", - deyə komitə başçısı bildirib.

N.İbrahimov bildirib ki, noyabrın 15-də Hollandiyada keçiriləcək Benilyuks ölkələrindəki azərbaycanlı konqresinin yaradılması ilə bağlı mərasimdə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti