...

Ramiz Rzayev: Jurnalistlə məmur arasında əməkdaşlıq prinsipi olsa, heç bir tərəf məhkəmələrə müraciət etməz

Cəmiyyət Materials 9 Noyabr 2006 16:10 (UTC +04:00)

Jurnalistlə məmur arasında əməkdaşlıq prinsipi mövcud olsa, heç bir tərəf məhkəmələrə müraciət etməz. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın Ali Məhkəməsinin sədri Ramiz Rzayev məlumat verib.

Hazırda jurnalistlərlə məmurlar arasında bir o qədər dərin problem mövcud deyil, mövcud olan problemləri aradan qaldırmaq üçün isə sadəcə əməkdaşlıga üstünlük vermək lazımdır. Həm məmurlar, həm də jurnalistlər bu əməkdaşlıqdan nədənsə çəkinirlər. Ümid edirəm ki, qısa müddətdə belə problemlər həllini tam şəkildə tapacaq" - deyə R.Rzayev söyləyib.

R.Rzayevin sözlərinə görə, jurnalistləri məhkəmə qarşısında dayanmağa vadar edən məsələ yazılarında tənqiddən çox təhqirə yer vermələridir. "Azad mətbuatsız huquqi dövlət yoxdur. Lakin mətbuatın da kriteriyası, jurnalistin daxili bir senzurası olmalıdır. İstənilən məmuru istənilən qədər tənqid etmək, ayrı-ayrı sahələrdəki qüsurları qabartmaq olar, lakin şəxsiyyətə yönələn təhqir yolverilməzdir və sonda təhqir olunmuş şəxsin məhkəməyə müraciət etməsi ilə başa çatır. Bu zaman azad mətbuatın boğulmasından söhbət gedə bilməz" - deyə məhkəmə sədri qeyd edib.

R.Rzayev bu yaxınlarda Bakıya səfər etmiş ATƏT nümayəndələrinin Azərbaycan məhkəmələrinin çıxardığı qərarlara şübhə ilə yanaşmalarına da münasibət bildirib. "Məhkəmənin qərarlarına heç kəs şübhə ilə yanaşa bilməz. Bütün məsələlər hüquq çərçivəsində həll edilir və kimsə məşkəmənin qərarından narazıdırsa, bunun üçün yuxarı məhkəmə instansiyaları var. Kənardan nümaynədə qismində gəlmiş şəxslər Azərbaycanda məhkəmələr tərəfindən çıxarılmış qərarlar haqqında fikir söyləyə bilməz. Bunun üçün həmin ekspertlər əvvəlcə araşdırmalar aparmalıdırlar, təhlillər etməlidir" - deyə R.Rzayev bildirib.

Xəbər lenti

Xəbər lenti