...

Zavər Qafarlı: İki azərbaycanlı qadın Birləşmiş Ərəb Əmirliklərindən Bakıya ekstradisiya olunacaq

Cəmiyyət Materials 23 Noyabr 2006 12:36 (UTC +04:00)

Yeni imzalanmış ekstradisiya müqaviləsinə əsasən, iki azərbaycanlı qadın Birləşmiş Ərəb Əmirliklərindən Bakıya ekstradisiya olunacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarlı məlumat verib.

Z.Qafarlı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən barələrində axtarış elan edilmiş və bir qədər əvvəl Birləşmiş Ərəb Əmirlikləri ərazisində saxlanılmış həmin qadınların adlarını açıqlamağı məqsədəuyğun hesab etməyib. "Yalnız onu deyə bilərəm ki, həmin qadınlardan biri insan ticarəti, digəri isə dələduzluq cinayətinə görə həbsli axtarışda olublar. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında yeni imzalanmış ekstradisiya müqaviləsinə əsasən bu qadınların Azərbaycana ekstradisiyası ilə əlaqədar sənədlər hazırlanaraq həmin dövlətə göndəriləcək" - deyə Z.Qafarlı söyləyib.

İdarə rəisi onu da qeyd edib ki, Birləşmiş Ərəb Əmirliyində cinayət törədərək Azərbaycana qaçmış və bu ərazidə saxlanılmış BƏƏ vətəndaşı yoxdur. "Ümumiyyətlə, Birləşmiş Ərəb Əmirliyindən Azərbaycana daxil olma halları azdır. Azərbaycandan isə həmin ölkəyə axın çoxdur" - deyə Z.Qafarlı qeyd edib.

Qeyd edək ki, 20 noyabr 2006-cı il tarixdə Əbu-Dabidə Azərbaycanın ədliyyə naziri ilə Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri iki ölkə arasında hüquq sahəsində əməkdaşlığa dair 4 sənəd imzalayıblar. Həmin sənədlərdən biri iki ölkə arasında vətəndaşların ekstradisiyası ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti