...

Qadınlara qarşı zorakılıq problemi müzakirəyə çıxarılıb

Cəmiyyət Materials 23 Noyabr 2006 14:25 (UTC +04:00)

Noyabrın 23-də "Avropa" mehmanxanasında "Qadınlara qarşı zorakılığın dayandırılması" layihəsinin yekun konfransı keçirilib. Trend in məlumatına görə, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) və Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı tərəfindən həyata keçirilən layihənin yekunları ilə bağlı tədbirdə müvafiq dövlət orqanlarının, nazirliklərin, məhkəmələrin, parlamentin, QHT-lərin nümayəndələri iştirak ediblər.

"Qadınlara qarşı zorakılığın aradan qaldırılması" adlı layihənin yekunları həm də 25 noyabr - Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə Beynəlxalq Günə həsr olunur. Konfransda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınlara qarşı zorakılığın cəmiyyətdə ciddi problemə çevrilməsindən danışıb. Milli Məclisinin deputatı Gülər Əhmədova "Beynəlxalq standartlarda qadın hüquqları" mövzusunda çıxış edib, ayrı-ayrı ölkələrin vətəndaşlarının ailə qurması, onların boşanması zamanı ortaya çıxan hüquqi problemlər, uşaqlarının üzləşdiyi çətinliklər haqda danışıb.

Nəsimi rayon məhkəməsinin sədri Ələddin Cəfərov "Qadınlara qarşı zorakılıqla bağlı işlərə dair məhkəmə təcrübəsi" mövzusunda çıxış edib. O, qadınların cinayət törətmələrinin səbəbləri, onların törətdiyi cinayət növləri, zorakılıqla bağlı hüquq-mühafizə orqanlarına şikayət edilməsi və keçirilən məhkəmə prosesləri haqda məlumat verib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Cəfərov Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə danışıb. Səbail rayon icra hakimiyyəti başçısının müavini Xalidə Bayramova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Səbinə Allahverdiyeva və digərləri də çıxışlarında qadınların sosial müdafiəsinin aspektləri, qadına münasibətdə dini dəyərlər barədə fikirlərini bölüşüblər.

Xatırladaq ki, tədbirin birinci hissəsində Hicran Hüseynova, ədliyyə nazirinin müavini Nazim Ələkbərov, Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova və başqaları məruzə ediblər.

Xəbər lenti

Xəbər lenti