Dekabrın 2-də Bakı İdman Sarayında QİÇS-in profilaktikasının təbliğinə həsr olunmuş "Sənin təhlükəsizliyin öz əlindədir" devizi altında konsert düzənlənəcək. Estradanın tanınmış artistlərinin iştirakı ilə baş tutacaq konserti Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə Azərbaycanın Sağlamlıq Assosiasiyası və "İrəli" Ümumrespublika Gənclər Hərəkatı təşkil edir.
İki minə yaxın tamaşaçının iştirakı təxmin edilən tədbirə giriş azaddır. "İrəli" hərəkatının həmsədri Elnarə Qəribovanın Trend ə verdiyi məlumata görə, konsertdə tamaşaçılara sağlam həyat tərzini və QİÇS-dən müdafiəni təbliğ edən yazılı maykalar və suvenirlər paylanacaq.
E.Qəribovanın dediyinə görə, təşkilatlar QİÇS-in yayılmasına qarşı kampaniyanı təkcə Ümumdünya QİÇS-lə Mübarizə Günündə (1 dekabr) deyil, bütün il ərzində aparırlar. Kampaniya çərçivəsində əhali ilə treninqlər, bərbərlər, pedikür və manikür ustaları ilə görüşlər keçiriləcək. Onlara xidmət göstərdikləri hər müştəridən sonra alətlərin dezinfeksiya edilməsinin vacibliyi və zəruriliyi barədə məlumat veriləcək.