...

Məhəmməd Peygəmbəri təhqir etməkdə təqsirləndirilən şəxslər vəkilin iştirakı ilə ibtidai istintaqa ifadə veriblər

Cəmiyyət Materials 28 Noyabr 2006 18:31 (UTC +04:00)

Noyabrın 28-də Məhəmməd Peygəmbəri təhqir etməkdə təqsirləndirilən publisist Rafiq Tağı və onun yazısının dərc olunduğu "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu Bayıldakı 1 saylı istintaq təcridxanasında vəkilin iştirakı ilə ibtidai istintaqa ifadə veriblər. Trend xəbər verir ki, hər iki təqsirləndilirən şəxsin hüquqlarını Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Səyyad Məmmədov müdafiə edir.

İstintaq Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair işlər üzrə İstintaq İdarəsi tərəfindən aparılır. Təqsirləndirilən şəxsləri isə həmin İdarənin müstəntiqi Ənvər Həmidov dindirib.

Rafiq Tağı "Sənət" qəzetinin 1 noyabr 2006-cı il tarixli sayında "Avropa və biz" başlıqlı yazısında Məhəmməd Peygəmbəri təhqirə yol verdiyini etiraf edib.

Qeyd edək ki, Rafiq Tağı və S.Sədaqətoğlu barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) cinayət işi başlanıb.

Noyabrın 15-də isə Nəsimi Rayon Məhkəməsi tərəfindən hər iki şəxs barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib və onlar istintaqa cəlb olunub. Lakin heç bir vəkil Rafiq Tağı ilə Samir Sədaqətoğlunun hüquqlarının müdafiəsini öz üzərinə götürmürdü. Nəhayət, həbsdə olan şəxslərin yaxın qohumları vəkil Səyyad Məmmədovun onların hüquqlarını müdafiə etməsi ilə əlaqədar razılıq əldə edə biliblər.

Xəbər lenti

Xəbər lenti