...

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu Federal Miqrasiya Xidmətinin rəsmiləri və soydaşlarımızla görüş keçirib

Cəmiyyət Materials 22 Dekabr 2006 11:56 (UTC +04:00)

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda bu şəhərin Federal Miqrasiya Xidmətinin deportasiya şöbəsinin rəisi A.Sergeyev və həmin şöbənin məsul işçiləri ilə görüş keçirilib. Bu barədə Trend ə Sankt-Peterburqdakı Baş Konsulluqdan məlumat verilib.

Qeyd edək ki, bu görüş Azərbaycan Respublikası prezidentinin "Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərininin həlli haqqında" sərəncamından irəli gələn tədbirlər silsiləsindəndir. Görüş zamanı Baş Konsul Qüdsi Osmanov və Federal Miqrasiya Xidmətinin nümayəndələri Rusiya Federasiyasının miqrasiya, giriş-cixiş, ərazidə qalma qaydalarına dəyişikliklərə dair ətraflı fikir mübadiləsi aparıblar. Görüşdə Baş Konsulluq və Miqrasiya xidməti ilə sıx əlaqələrin və əmakdaşlığın davam etdirilməsi, digər inzibati məsələlər müzakirə edilib.

Bu görüşdən başqa, Baş Konsul Q.Osmanov Sankt-Peterburq şəhərində yerləşən topdansatış "Sofiyski baza"da çalışan Azərbaycan Respublikasının vətəndaşları və bazanın müdiriyyəti ilə görüş keçirib. Bu bazada 5 minə yaxın azərbaycanlı çalışır. Onların əksəriyyəti Azərbaycanın Şəmkir və Gəncə rayonundan köçənlərdir. Həmçinin bazada milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşları da çalışır. Bazada işləyən soydaşlarmızın bir hissəsi Rusiya Federasiyasında qeyri-leqal həyat tərzi sürürlər. Görüş zamanı soydaşlarımıza Rusiya Federasiyasının qanunvericiliyində mövcud dəyişikliklər barədə ətraflı məlumat verilib, leqallaşma üçün hər-hansı sənədləşmədə köməklik göstərilməsi təklif olunub və sənədləşmə prosesinin tezliklə başlaması tövsiyyə edilib.

Xəbər lenti

Xəbər lenti