Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Aprelin 12-də İsraildə keçiriləcək "Az-İz" Azərbaycan-İsrail Assosiasiyasının təsis Qurultayında 400-ə yaxın iştirakçı olacaq. Bu barədə Trend ə İsraildən, qurultaya Hazırlıq Komitəsindən məlumat verilib.
Qurultayada Azərbaycandan nümayəndə heyəti iştirak edəcək. Artıq qurultaya hazırlıqla bağlı təşkilati məsələr başa çatdırılıb.
Qeyd edək ki "Az-İz" İrsarildə yaşayan Azərbaycandan köçmüş yəhudiləri öz ətrafında birləşdirəcək. Təşkilatın əsas məqsədi Azərbaycanla İsrail arasında münasibətlərin inkişafına dəstək verməkdən ibarət olacaq. Assosiasiyanın nəzdində 12 komitə fəaliyyət göstərəcək ki, bunlardan da biri İsraildə yaşayan azərbaycanlılarla iş üzrə komitə olacaq. Sözügedən Komitə məhz İsraildə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasına, milli-mənəvi dəyərlərinin qorunmasına dəstək vermək, hüquqlarının qorunmasına yardım göstərmək məqsədilə qurulacaq.
"İsraildə fəaliyyət göstərən Azərbaycandan köçmüş yəhudi təşkilatlarının vahid mərkəzdə birləşməsi ideyası onların Azərbaycana olan sevgisi ilə bağlıdır. Məhz bu məqam İsraildəki icmaları ümumi amal ətafında birləşdirməyə imkan verir, aparlımış müvafiq təbliğat-təşviqat işləri nəticəsində Azərbaycan-İsrail Assosiasiyasının yaradılması reallaşır"-deyə Təşkilat Komitəsindən bildirilib.
İsraildə fəaliyyət göstərən Azərbaycandan çıxmış yəhudiləri təmsil edən icmaların vahid mərkəzdə birləşməsi İsraildə də böyük maraqla qarşılanıb. Bəzi məlumatlara görə, hazırda dünyanın müxtəlif ölkələrində məskunlaşmış Azərbaycan əsilli yəhudilər tərəfindən qurulmuş icmalar da Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasına üzv olacağı gözlənilir. Bu isə Azərbaycandan xarici ölkələrə köçmüş bütün yəhudilərin vahid təşkilatda birləşməsi üçün zəmin yarada bilər.
Təşkilat Komitəsindən bildirilib ki, hazırda qurultayla bağlı İsrailin ayrı-ayrı bölgələrində qurultaya nümayəndələrin seçilməsi prosesi başa çatıb. İsralin 26 şəhərində yaşayan 27 min nəfər Azərbaycandan köçmüş yəhudini təmsil edən 30 Azərbaycan icması tərəfindən qurultaya 390 nəfər nümayəndə seçilib. Sonuncu seçki aprelin 8-də Aşdot şəhərinin Bakılılar Cəmiyyətində keçirilib. 200 nəfərə yaxın cəmiyyət üzvünün iştirak etdiyi toplantıda qurultaya nümayəndələr seçilib və seçkilərdən sonra cəmiyyət üzvlərinin Dövlət Komitəsinin əməkdaşları ilə görüşü keçirilib.
Aprelin 9-da Hayfa şəhərində yaşayan azərbaycanlılarla qurultay nümayəndələrinin görüşü keçirilib. Görüşdə İsrailin dövlət və hökumət rəsmiləri, yerli ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib.