...

Vəkil məhkəmədən keçmiş nazir Əli İnsanova bəraət istədi

Cəmiyyət Materials 9 Aprel 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Aprelin 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçmiş səhiyyə naziri Əli İnsanovun və onunla birlikdə mühakimə olunan 10 nəfərin məhkəməsi vəkillərin çıxışı ilə davam edib. Əli İnsanovun vəkili Ağaveyis Şahverdi müdafiə nitqi ilə çıxış edərək Əli İnsanova bəraət verilməsini xahiş edib.

"Əli İnsanov Rəsul Quliyev, Fikrət Yusifov, Fərhad Əliyev və digərləri ilə əlbir olaraq dövlət çevrilişinə cəhddə itiham olunur. Lakin bu ittihamın sübuta yetirilməsi üçün heç bir fakt yoxdur. Buna baxmayaraq, istintaq orqanları cinayət işini ayrıca icraata götürərək istintaq tədbirlərini davam etdirir. Bu da Əli İnsanova qarşı təzyiqdir. Əli İnsanovun Rəsul Quliyevin seçki kampaniyasını maliyyələşdirməsi ilə bağlı heç bir dəlil-sübut olmayıb"-deyə vəkil A.Şahverdi bildirib.

Vəkil əlavə edib ki, İnsanovun müdafiəsi qanunsuz olaraq məhdudlaşdırılıb. Onun sözlərinə görə, həm istintaqda, həm də məhkəmədə vəkillərin vəsatətlərinin təmin olunmaması buna sübutdur.

Vəkillərin çıxışı başa çatdıqdan sonra təqsirləndirilən şəxslər Fuad Mahmudov, Pərviz Kazımov, Fəxrəddin Abbasov və Anar Namazov son sözlə çıxış ediblər. Daha sonra hakim son sözlə çıxış etməsi üçün Əli İnsanova müraciət edib. Sabiq nazir isə son sözünü demək üçün apelin 10-dək vaxt istəyib.

Aprelin 10-da məhkmə prosesi İnsanovun son çıxışı il davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti