...

Hakimlər üçün beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 11 Aprel 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) aprelin 16-17-də Türkiyənin İstanbul şəhərində hakimlər üçün "Avropaya aparan yolda: Cənubi Qafqaz ölkələrində məhkəmə hakimiyyətinin hazırkı vəziyyəti və perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirəcək.

Konfransın keçirilməsində məqsəd, Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistanda həyata keçirilən məhkəmə və hüquq islahatlarına dair aparılan təcrübə mübadiləsini davam etdirmək və sözügedən ölkələrdə hüquqi dövlətçiliyin daha da möhkəmləndirilməsini təmin etməkdir.

Toplantıda ilk dəfə olaraq hər üç Cənubi Qafqaz ölkəsi ilə qonşu olan Türkiyənin hüquq və məhkəmə sistemi ilə tanışlıq nəzərdə tutulub.

Konfransda müzakirə ediləcək məsələlərdən biri Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarların milli qanunvericilik və məhkəmə təcrübəsinə təsiri ilə bağlıdır.

Konfransın gedişində Cənubi Qafqaz ölkələrində inzibati hüquq sahəsində aparılan islahatların hazırkı vəziyyəti, habelə məhkəmə təcrübəsinin təkmilləşdirilməsi məsələlərinə də toxunulacaq. Konfransda Azərbaycan, Almaniya, Gürcüstan, Türkiyə və Ermənistanın bütün məhkəmə instansiyalarını təmsil edən 100 hakim, müstəqil hüquqşünaslar, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Tədbirə üç Cənubi Qafqaz ölkəsini Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edən hakimlər də dəvət olunub.

Xəbər lenti

Xəbər lenti