Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclasında doqquz şikayətə baxılaraq müvafiq rəylər çıxarılıb. Bu barədə Mətbuat Şurasından məlumat verilib.
Şuşalı məcburi köşkünlərin "Sənət" qəzetinin 15 dekabr 2006-cı il tarixli sayında dərc olunmuş "Petka" poeması ilə əlaqədar şikayətə baxılıb. Rəyə gəlinib ki, qəzet mütləq məcburi köçkün həyatı yaşayan şuşalılardan, F.Məhərrəmovdan və bütün oxucularından üzr istəməli, təkziblə çıxış etməlidir.
"İdarəetmə və mühasibat uçotu" jurnalının "Professional mühasib" jurnalından plagiatlığı ilə bağlı şikayətə baxılıb. Komissiya "İdarəetmə və mühasibat uçotu" jurnalının baş redaktoru Mirzakir Mehdiyevin əməlini qanunvericiliyə zidd hesab edib, bunun son illərdə ölkə mətbuatında ən irimiqyaslı plagiatlıq olduğunu göstərib.
Komissiya "Naxçıvan" qəzetinin 13 mart 2007-ci il tarixli sayında dərc olunmuş "Ovçular" firmasına məxsus kolbasalar təhlükə mənbəyidir" sərlövhəli yazının "reket" jurnalistikaya xas tərzdə təqdimatı barədə rəy çıxarıb.
İclasda "Addım" qəzetində gedən "Azərbaycan adına missionerlik edənlər" sərlövhəli yazı ilə əlaqədar komissiya rəyə gəlib ki, müəllifi bilinməyən yazıda araşdırmadan əsər-əlamət yoxdur və peşə davranışı qaydaları pozulub. Nəşr rəhbərliyi təkzib verməyə razı olub.
"24 saat" qəzetində gedən "Nazpərinin oğlu həbs edildi" (26 mart 2007-ci il) sərlövhəli yazıda da peşə-davranış qaydalarına riayət olunmadığı haqda rəy verilib.
Komissiya "Azadlıq" qəzetində gedən "Gədəbəyin rəhbərləri bu xanımdan qorxur" (27 fevral 2007-ci il) sərlövhəli yazıda da peşə-davranış qaydalarının pozulduğunu bildirsə də, nəşrin baş redaktoru Qənimət Zahid qəzetində şikayətçinin mövqeyini əks etdirməyə hazır olduğunu deyib.
"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin və "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirlinin bu nəşrlərin ötənilki saylarında gedən və məhkəmə iddialarına səbəb olan 3 yazıya Mətbuat Şurasının rəy verməsi ilə bağlı müraciətlərinə baxılıb. "Prezident köməkçisinin korrupsiya aparatı", "Göy balinalar və ya Ağayev Bayramın nəvələri" və "Heyvanların vəkili kim olsun? Ən şanslı və layiqli namizəd bizimkidir" sərlövhəli materialları nəzərdən keçirən komissiya rəyə gəlib ki, yekun qərar Mətbuat Şurasının İdarə Heyətinin müzakirəsindən sonra verilsin.