...

Azərbaycan ərazisində daha bir kütləvi məzarlığın olması faktı aşkarlanıb

Cəmiyyət Materials 23 Aprel 2007 11:32 (UTC +04:00)
Azərbaycan ərazisində daha bir kütləvi məzarlığın olması faktı aşkarlanıb

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ 1993-cü ilin payızında Abşeron rayonunun Pirəküşkül qəsəbəsi ərazisində yerləşən hərbi poliqonun cənub hissəsində insanların kütləvi şəkildə basdırıldıqları məzarlıq aşkar olunmuşdu. Bu barədə bazar ertəsi günü Bakıda 1993-cü ildə Abşeron rayon Polis İdarəsinin rəisi işləmiş, sabiq millət vəkili Cahangir Hüseynov məlumat verib.

Hüseynov qeyd edib ki, kütləvi məzarlıq təsadüf nəticəsində aşkar olunub və polis idarəsnin rəisi kimi hadisə yerinə baxış keçirib.

Onun sözlərinə görə, hadisə yerinə Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya və Arxologiya İnstitutunun mütəxəssisləri dəvət olunub və araşdırma aparılıb: "Biz əvvəlcə belə guman edirdik ki, bu məzarlıqda tapılan qalıqlar 20 yanvar faciəsi zamanı qətlə yetirilmiş şəxslərə məxsusdur. Lakin araşdırma zamanı bu fərziyyə öz təsdiqini tapmadı. Ona görə də belə qərara gəldik ki, bu məzarlıqda tapılan insan qalıqları 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlılarla məxsusdur."

Sabiq polis rəisi vurğulayıb ki, həmin dövrdə ölkədə vəziyyət gərgin olduğuna görə məsələni geniş şəkildə araşdırmaq mümkün olmayıb: "Azərbaycan Milli Elmlər Akadaemiyasının Etnoqrafiya və Arxologiya İnstitutunun mütəxəssisləri məzarlıqdan tapılan insan qalıqlarını tədqiq etdikdən sonra yenidən həmin ərazidə dəfn ediblər."

Onun fikrincə, həmin məzarlığın yenidən tədqiq edilməsinə ehtiyac var.

Bir neçə gün əvvəl Quba və Neftçala rayonlarının ərazisində kütləvi məzarlıq aşkar olunub. Hazırda məsələ ilə bağlı geniş araşdırma aparılır.

Azərbaycan Milli Elmlər Akadaemiyasının Etnoqrafiya və Arxologiya İnstitutunun direktor müavini Nəcəf Museyibli isə bildirib ki, Pirəküşkül ərəzisində kütləvi məzarlığın olması haqqında eşidib, lakin bu barədə dəqiq məlumata malik deyil.

"Azərbaycan ərazsində tapılan kütləvi məzarlıqlarla bağlı kompleks araşdırmalar aparılır. Bu uzun müddətli prosesdir" - deyə Museyibli vurğulayıb.

O, Pirəküşkül ərazisində hər hansı arxeoloji qazıntının aparılıb-aparılmayacağına dair suala konkret cavab verməyib.

Xəbər lenti

Xəbər lenti