...

Almaniyanın Maynz şəhər Bələdiyyəsinin başçısı: "Azərbaycanla bütün sahələrdə əlaqələrimiz rəsmiləşəcək"

Cəmiyyət Materials 31 May 2007 13:39 (UTC +04:00)
Almaniyanın Maynz şəhər Bələdiyyəsinin başçısı: "Azərbaycanla bütün sahələrdə əlaqələrimiz rəsmiləşəcək"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Almaniyanın Maynz şəhəri ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr rəsmiləşəcək. Bu barədə Bakıda səfərdə olan Almaniya Federativ Respublikası Maynz şəhər Bələdiyyəsinin başçısı Yens Boytel cümə axşamı açıqlama verib.

Azərbaycana səfərinin yekunlarına dair Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mətbuat konfransı keçirən Boytel bildirib ki, bir neçə regionlarımızın sosial-iqtisadi inkişafı ilə tanış olub, bir neçə rayona, həmçinin məcburi köçkünlərin yaşadığı yerlərə səfər edib.

"Mən Azərbaycanı çox gözəl, möhtəşəm bir ölkə kimi tanıdım. Mənim üçün ən mühümü Azərbaycan xalqı, insanları ilə tanış olmaq idi. Hesab edirəm ki, Azərbaycan gözəl insanların yaşadığı ölkədir. Həm Bakıda, həm də Qəbələdə, Yevlaxda, Şəmkirdə, Şəkidə olarkən bu qənaətə gəldim. Bizim bundan sonra əlaqələrimiz bütün Azərbaycanla olacaq" - deyə almaniyalı bələdiyyə başqanı vurğulayıb.

Boytel qeyd edib ki, şəhərçilik, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlıq qurulması üçün görüləsi çox işlər var. Boytel həm də Azərbaycanın neft və qazı tükənəcəyi bir vaxtda özünü "tükənməz enerji" ilə təmin etməsi üçün günəş enerjisindən faydalanmasını tövsiyə edib. Onun sözlərinə görə, ölkəsinin bu sahədə layihələri var.

Boytel Azərbaycanın bir milyon qaçqın və məcburi köçkününün ağır şəraitdə yaşamasına da toxunub, onlarla görüşdən çox təsirləndiyini deyib: "Mən hesab edirəm ki,Almaniya hökuməti bu köçkünlərlə bağlı işlər görməlidir".

Bələdiyyə başçısı Maynzla Bakı arasında tələbə mübadiləsi olacağını da deyib.

Xəbər lenti

Xəbər lenti