...

Lütfiyar İmanov: "Opera və Balet Teatrının solistləri restoranlarda çörək pulu qazanmağa məcburdurlar"

Cəmiyyət Materials 18 İyun 2007 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /müx. "TrendLife" Əli Dərviş/ Sivil cəmiyyətin həyatını musiqisiz təsəvvür etmək mümkün deyil. İnsan qəlbindəki baş verənləri sözlə deyə bilmədiyi halda musiqi ilə ifadə edə bilir. Azərbaycanın xalq artisti Lütfiyar İmanov "TrendLife"a bununla bağlı öz düşüncələrini belə ifadə edib. İnsan həyatında musiqinin öz yeri var.

- Lütfiyar müəllim, teatrın veteranı kimi peşəkar səhnədə hansı dəyişiklikləri hiss edirsiniz?

- Bu gün Azərbaycan Dövlət Opera və Balet Teatrı özünün ən ağır günlərini yaşayır. Olan problem həqiqətən də teatrı uçuruma aparır. Azərbaycanın milli mədəniyyəti və incəsənəti yaddan çıxır. Bax bu nöqteyi-nəzərdən həqiqətən də maddi duruma ehtiyac duyulur. Çatışmayan imkanlar üzündən yaxşı teatr ansamblı yığmaq olmur. Teatrın solistləri məcbur olub restoranlarda çörək pulu qazanırlar. Məni veteran artist kimi teatrın gələcəyi çox narahat edir.

- İndiki repertuar müasir tamaşaçıları qane edirmi?

- Teatrın repertuarı mühüm məsələdir. Məhz buna görə teatrın səhnəsində Azərbaycan bəstəkarlarının əsərləri qoyulmalıdır. Və onları elə səviyyədə qoymaq lazımdır ki, müasir tamaşaçıların diqqətini çəksin. Teatrda yalan həm hərəkətdə, həm də oxuyanda hiss olunur.

- Hazırda sizin ən sevdiyiniz rolu - Koroğlunu Ülvi Qılınc oynayır...

- Şəxsən onun ifası məni mənəvi öldürür. Düzdür, onun səsi var. Ancaq lirik musiqiləri ifa etmək üçün. Koroğlunu ifa etmək üçün güclü səs lazımdır. O səs ki, orkestri üstələsin. Mikrafonsuz-filansız ən son həddə çıxsın. Ülvi Qılıncı Koroğlu rolunda mən dəstəkləmirəm. O, professional səhnəyə elə çıxır, sanki gəzməkdədir. Yaxası açıq köynəklə, papaqsız, qılıncsız. Mən ona bir neçə dəfə başa salmışam ki, səhnəyə belə çıxmaq olmaz. O, özündən böyüklərin dediyini eşitmir. Həqiqi Koroğlu rolunu yaratmaq isətyirsənsə, onun kimi doğulmalısan! Mənim Koroğlunu ifamdan sonra onu ifa edəcək insan hələ doğulmayıb.

- Azərbaycanın opera əsərləri nə vaxt dünya səhnəsində oynanılacaq?

- Sovet İttifaqı dövründə Opera və Balet Teatrının qrupu bütün dünyaya qastrol edirdi. Böyük anşlaqla biz Moskvanın, Sankt-Peterburqun, Gürcüstanın və bütün Avropa ölkələrinin zallarını doldururduq. O vaxt opera incəsənətinə böyük maraq var idi. Teatrın səviyyəsi və statusu var idi. Bu gün isə bu səviyyəyə hələ çox var. Necə deyərlər, hələ 10-15 il də belə olacaq. Yaşayarıq, görərik!

Öz vaxtında Üzeyir Hacıbəyov gözəl əsərlər yaratmışdı. Onlardan biri də "Koroğlu"dur. Böyük təəssüf hissi ilə demək istəyirəm ki. bu şedevr əsəri dünya opera səhnəsinə çıxarda bilmədik. Bu əsər heç də Çaykovskinin, Puççininin və digər bəstəkarların əsərlərindən pis deyil. Dahi Hacıbəyov operaya milli muğamımızla koloritlik artırıb. O günü gözləyirəm ki, "Koroğlu" operasını həqiqətən oynaya bilən insan doğulsun və bu əsəri nəinki vətənimizdə, hətta dünya səhnəsində, "La-Skala" teatrında oynasın.

Xəbər lenti

Xəbər lenti