Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İyulun altısında Almaniyanın Mayns şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK) İcraiyyə Komitəsinin ilk toplantısı keçiriləcək. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən çərşənbə axşamı məlumat verilib.
Toplantıda AAK-ın II qurultayında qəbul edilmiş sənədlər, həmin qurultayın Qətnaməsinə uyğun olaraq hazırlanmış 2007-2009-cu illər üçün Fəaliyyət Proqramının layihəsi, "Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası"ndan irəli gələn məsələlər müzakirə ediləcək, quruma üzv olan təşkilatların təklifləri dinləniləcək. Eləcə də Avropa ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycanla əlaqələrinin inkişafı, insan hüquq və azadlıqlarının qorunması, ictimai-siyasi həyata inteqrasiyanın sürətləndirilməsi yolları barədə fikir mübadiləsi aparılacaq.
Bundan başqa Avropa Azərbaycanlıları Konqresi İcraiyyə Komitəsinin tədbirində Azərbaycan xalqının mədəni irsinin təbliği, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində görülməsi zəruri olan tədbirlər müəyyənləşdiriləcək, onların həyata keçirilməsi yolları müzakirə olunacaq.
Toplantıda Dövlət Komitəsinin sədri Nazim İbrahimovun başçılığı ilə nümayəndə heyəti iştirak edəcək.