Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Belarus Konstitusiya Məhkəməsi ilə Azərbaycanın Kontitusiya Məhkəməsi arasında çərşənbə axşamı konstitusiya ədalət mühakiməsi sahəsində ikitərəfli məhkəmə-hüquq əməkdaşlığını əhatə edən memorandum imzalanıb. Əməkdaşlıq haqqında sənədi Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Belarusun Konstitusiya Məhkəməsinin sədri Qriqoriy Vasileviç imzalayıblar.
İki ölkənin Konstitusiya məhkəmələri arasında informasiya, təcrübə mübadiləsi, qarşılıqlı səfərlər barədə birgə əməkdaşlıq sənəddə yer alıb.
Vasileviç Belarusiyanın Konstitusiya Məhkəməsinin kifayət qədər təcrübəsi olduğunu və bu təcrübənin Azərbaycanla bölüşdürülməsinə hazır olduqlarını bildirib. O həmçinin Azərbaycanın fərdi şikayətlərə baxılması təcrübəsini öyrənməyə maraqlı olduqlarını bildirib. Qonaq Abdullayevi Belarusa rəsmi səfərə dəvət edib.
Abdullayev Belarusla Azərbaycan arasında iqtisadi, mədəni, sosial əlaqələrin inkişaf etdiyini, bu sənədin hüquqi əməkdaşlığın inkişafında yeni mərhələ açacağına əminliyini bildirib. İyulun 12-dək davam edəcək səfər zamanı Belarus Konstitusiya Məhkəməsinin sədri Vasileviç Ədliyyə Nazirliyində, Ali Məhkəmədə, Baş Prokurorluqda görüşlər keçirəcək.