...

Gürcüstanda erməni və azərbaycanlı məktəblilərə gürcü dilini öyrədəcəklər

Cəmiyyət Materials 19 İyul 2007 14:05 (UTC +04:00)

Gürcüstan hökuməti on il ərzində Samsxe-Cavaxeytiya (ermənilərin kompakt yaşadığı bölgə) və Kvemo Kartli (azərbaycanlıların kompakt yaşadığı bölgə) regionlarında bütün məktəblilərin gürcü dilini bilməsi üçün iş görmək niyyətindədir. (Novosti-Qruziya)

"On ildən sonra regionda gürcü danışıq dilini bilməyən heç bir məktəbli qalmamalıdır. Lakin dilin öyrədilməsi heç bir halda zorla həyata keçirilməyəcək. Dövlət dilinin mənimsənilməsində yardımın göstərilməsi milli azlıqların bizə ünvanlanan tələbidir" - deyə brifinqdə Gürcüstanın təhsil və elm naziri Aleksandr Lomaya bəyan edib.

O xatırladıb ki, artıq iki ildir Samsxe-Cavaxetiya və Kvemo Kartli bölgələri üçün "Tavtavi" proqramı fəaliyyət göstərir. "Proqram ilk növbədə beş mərhələli eyniadlı dərs vəsaitinin yaradılmasını nəzərdə tutur. Artıq iki kitab çap olunub" - deyə nazir qeyd edib.

Lomaya əlavə edib ki, proqram çərçivəsində həmçinin erməni və Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin təkrar hazırlığı gerçəkləşdirilir. Məqsəd odur ki, region əhalisi başa düşsün ki, assimilyasiyadan söhbət getmir.

"Biz dövlət dilinin öyrənilməsindən və bizim vətəndaşlarımız - etnik erməni və azərbaycanlılar üçün bütün lazımi şərtlərin yaradılmasından danışırıq. Məqsəd odur ki, onlar öz potensialını burada ortaya qoya bilsinlər. Bəxtlərini digər ölkələrdə, istər Ermənistan, istərsə də Azərbaycanda axtarmasınlar" - deyə Lomaya vurğulayıb.

Nazir qeyd edib ki, iki il ərzində aparılan iş nəticəsində ciddi irəliləyişlər əldə olunub, lakin eyni zamanda bildirib ki, on illər əvvəl özbaşına buraxılan problem iki ildə həll oluna bilməz.

"On illiklərlə biz özümüzü aldadırdıq ki, qeyri-gürcü əhalimizi gürcü dilini öyrədirik, onlar isə özlərini aldadırdılar ki, onu öyrənirlər. Nəticədə yüz minlərlə vətəndaş nəinki gürcü dilində danışa bilmir, hətta bu dil haqda anlayışa belə malik deyillər" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti