...

Azərbaycanın xalq artisti Flora Kərimova: "Mənə göz dəyməyib"

Cəmiyyət Materials 24 İyul 2007 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /müx. " Vüqar İmanov/ Flora Kərimovanın bu gün ad günüdür. Neçə illər keçməsinə baxmayaraq, Flora xanıma hələ də tələbat var. 1992-ci ildə Flora xanıma xalq artisti adı verilib. Keçən əsrin 90-cı illərində müğənni aktiv olaraq siyasi fəaliyyətlə məşğul olurdu. Musavat Partiyasının üzv olan müğənni yavaş-yavaş efirdən itməyə başladı. Onun haqqında mətbuat artıq yazmadı. Bir neçə il sonra Flora xanım yenidən efirdə görünməyə başladı. Səhnədə görünər-görünməz Flora xanım təsadüfən yıxılıb, sağ qolunu sındırdı. Hazırda qolu sarıqdadır. Bu gün müğənninin vəziyyəti qənaətbəxşdir, lakin o, bütün tədbirləri, çəkilişləri təxirə salıb. Flora xanım "sümükcüdə" müalicə kursu keçir. İndi onun dirsəyində "plastinka" var. Bu prosedurlar çox ağrılıdır. Lakin buna baxmayaraq, o, ruhdan düşmür. Çox güclü olan Flora xanım öz gələcək planları barədə "TrendLife"a bunları söylədi.

- Flora xanım, deyəsən sizi yenə qara xətt izləyir. Yəqin gözə gəlmisiniz?

- Yox, gözə gəlməmişəm, sadəcə məni hamarlayıblar.

- Bəlkə bu, paxıllıqla əlaqədardır? Axı sizi bütün xalq sevir...

- Bu, elə bir xəstəlikdir ki, ondan qurtulmaq lazımdır. Məni sevirlər və hörmət edirlər, məhz buna görə tamaşaçılarıma borcluyam.

- Bəlkə özünüzün məktəbini açasınız və gənclərə səhnə mədəniyyəti öyrədəsiniz?

- Mən uzun müddət qeyri-qanuni vəziyyətdə idim. Heç indi də tam qanuni vəziyyətdə deyiləm. Nəyə görə məktəb açmalıyam? Məktəbi açım sonra bağlasınlar?

- Hazırda estradamızda sizin kimi karifeylər çox azdır. Demək olar ki, yoxdur. İndi şou-biznesdə yalan, dava-dalaş baş alıb gedir... Sizin buna münasibətiniz?

- Mənim taleyim elə gətirdi ki, bəzi məqamlarda estrada aləmində ola bilmədim. Və buna görə də gənclər bu xəstəliyə tutuldular. Biz belə insanların səhnəyə çıxmasına icazə verməməliyik. Belə getsə, nəticədə karifey müğənnilər tez itəcək. Lakin ümid edək ki, bu müvəqqətidir.

- Lakin indi şou-biznes sahəsində hər kəsi yalnız maddi imkan maraqlandırır. Maddi durum isə yaxşı olanda, lazımsız müğənnilər peyda olur. Necə düşünürsünüz, bəlkə televiziyada senzura tətbiq etməyin vaxtı gəlib çatıb?

- Sovet dövründə mən senzuranın əleyhinə idim. Lakin indi isə hər şey ona doğru gedir. Senzurasız mümkün deyil. Nə qədər ki, biz bu bataqlıqda batmamışıq, hansısa tədbirlər görmək lazımdır. Artıq Milli Məclisdə də "Şou-biznes fəaliyyəti haqqında" qanun qəbul olunub. Çünki hazırkı şou-biznes faktiki olaraq Azərbaycan xalqının mədəniyyətini məhv edir. Buna son qoyulmalıdır. Əgər bu qanun doğrudan da qəbul olunsa və ona əməl olunsa, hər şey gözəl olacaq.

Xəbər lenti

Xəbər lenti