Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktorunun barəsindəki hökmdən verilmiş kassasiya şikayətinə gələn ay baxılacaq. Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə çərşənbə axşamı Trend ə bildirib ki, şikayət üzrə hazırlıq iclası avqustun 14-də keçiriləcək.
"Qarabağ gündəliyi" adlı məqaləsində Xocalıları təhqir etməkdə ittiham olunan Eynulla Fətullayev aprelin 20-də Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında iddiası əsasında Bakının Yasamal Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Baş redaktor məqalədə öz adından heç bir fikir vermədiyini və dərc edilən fikirlərin onun müsahiblərinə məxsus olduğunu deyib.
Mayın 16-da MTN-in Baş İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorla hədələmə faktı üzrə başlanmış yeni cinayət işi ilə bağlı Fətullayev Bayıldakı 1 saylı İstintaq Təcridxanasından MTN-in İstintaq Təcridxanasına köçürülüb.
Fətullayev barəsində bu ay Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Fətullayevə qarşı Cinayət Məcəllsinin 214.1-ci (terororçuluqla hədələmə) və 283.2.2-ci (qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb.