Azərbaycan, Bakı, 25 iyul/müx. "TrendLife" Fəridə Məhərrəmqızı / Bu yaxınlaradək ANS-də "Yeriniz məlum" adlı əyləncəli verilişin aparıcısı, xalq artisti, hamının "Çina" kimi tanıdığı Çingiz Əhmədov tezliklə yeni layihə ilə tamaşaçıların görüşünə gələcək. Qeyd edək ki, "Yeriniz məlum" bağlandığından Əhmədov bir müddət idi ki, efirdə görünmürdü.
Musiqili Komediya Teatrının aktyoru Çingizin "TrendLife"a verdiyi məlumata görə, yeni əyləncəli veriliş həftədə 5 gün efirə çıxacaq. Lakin aktyor proqramın adını hələlik açıqlamaq istəməyib. O, çəkilişlərə avqustun sonlarında başlanılacağını, verilişin özünün isə sentyabrın ortalarından ekrana çıxacağını qeyd edib. "Yeni veriliş də əyləncəlidir, tamaşaçılar maraqlı qonaqlarla görüşəcək, məzəli əhvalatların şahidi olacaqlar" - deyə o bizə bildirdi. Qeyd edək ki, layihənin ANS-də reallaşacağı gözlənilir. Yeri gəlmişkən, Əhmədov aktyor dostu Rəhman Quliyevlə birlikdə daha bir yeni şou-proqram üzərində işləyir. Həmin proqramın payızda AzTV və ya İTV-də efirə çıxması planlaşdırılır.