...

Rejissor və şoumen Sərxan Kərəmoğlu: "Bezmişəm! Daha bəsdir!"

Cəmiyyət Materials 26 İyul 2007 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /müx.TrendLife Süleyman Vəliyev/Azərbaycan incəsənətini xaricdə təbliğ etmək həll olunmamış suallardan biri olaraq qalır. Allaha çox şükür ki, bütün çətinliklərə baxmayaraq bizi ölkədən kənarda təbliğ edən insanlar hələ də var. Lider kanalının aparıcısı, kinoaktyor, kinorejissor, Moskvada fəaliyyət göstərən Nəsibə Zeynalova adına Azərbaycan Estrada Teatrının direktoru, sadəcə şoumen Sərxan Kərəmoğlu da belə insanlardandır. O, şou-biznesdə baş verənlərə öz münasibətini TrendLife-a bildirdi.

- Təsəvvür edin ki, Moskvada mədəniyyət nümayəndələrini müxtəlif konsertlərə cəlb etmək üçün mən nə qədər əziyyət çəkirəm. Çox çətinliklə kirayə, yol haqqı ödəyirəm. Sonradan arxamca danışırlar ki, guya mən müğənnilərin əli ilə pul qazanıram. Bezmişəm! Daha bəsdir! Mənim Ostankino ilə 10 illik müqaviləm var. İldə iki dəfə yubiley gecələri və Novruz bayramı keçirməyi təşkil edirəm.

- Bəs teatrda vəziyyət necədir?

- İnannın ki, bu mümkün deyil. Çünki insanlar teatra getmək istəmirlər. Hər kəsin evində peyk antenləri var. Azərbaycan tamaşalarına evdə oturub televizor vasitəsi ilə baxmağı üstün tuturlar. Ümumiyyətlə, bizdə teatra qiymət verən yoxdur. Əgər jurnalistlər aktrisaları fahişələrlə müqayisə edirlərsə, daha kimdən nə gözləmək olar? Mən demirəm ki, hamısı idealdır, ancaq hər şeyin bir həddi var. İncəsənət xadimlərinə hörmətlə yanaşmalıyıq. Şou-biznesdə ailəli olanlar da var. Hamını eyni tutmaq olmaz axı. Nəyə görə bir-birimizin ayağının altını qazımalıyıq? İnanın, insanı palçığa batırmaq çox asandır. Əgər dörd kanalın dördü də aktyoru tərifləyirsə, beşinci pis deyirsə, həmin insanın sonudur. Dağıtmaq çox asandır, qurmaq isə çətin. Əgər qura bilmirsənsə, nəyə görə dağıdırsan?

- Bir gənc rejissor kimi deyə bilərsinizmi, nəyə görə uşaq filmləri çəkilmir?

- Mən əgər belə filmlər çəksəm, onu heç kim almayacaq. Məsələn, indi ssenarisi "Təhminə və Zaur"a 20 faiz bənzər film çəkmək istəyirəm. Qalan süjet xətti isə narkomanlarla, homoseksuallarla mübarizəyə aid olacaq.

- Deyə bilərsinizmi, nəyə görə efirimizdə eynitipli aparıcılar çoxdur. Bəzilərini çıxmaq şərti ilə.

- Bu gün respublikamızda Qorxmaz Əlilidən başqa şoumen yoxdur. Qalanları isə, məsələn, Azər Axşam, Kamran Həsənli, Yusif Ağayev bunlar sadəcə şoumenə bənzəyirlər. Qaldı ki, maraqlı aparıcılara, bu, onun hansı kanalda işləməyindən asılıdır. ATV-də azadlıqdır. Lakin Liderdə senzura var. Adicə geyimində özünə diqqət verməlisən. Hər kanalın özünün tamaşaçısı var. Əhalinin 20 faizi bütün kanallara birdən baxır. Qalanları isə seçir.

- Siz "Adam ol-1" və "Adam ol-2"-də həm rejissor, həm də əsas rolun ifaçısısınız. İşin davamı olacaqmı?

- "Adam ol-1" və "Adam ol-2" müxtəlif xəttli süjetlərdir. Artıq bir aydır ki, "Adam ol-1"in davamı çəkilir. Bu serialın müəllif hüququ Lider telekampaniyasına məxsusdur.

Xəbər lenti

Xəbər lenti