...

Avropa Məhkəməsi Azərbaycanın müxalifət partiyası sədrinin şikayətini icraata götürüb

Cəmiyyət Materials 3 Avqust 2007 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun uzun müddət azadlıq hüququnun pozulması ilə bağlı şikayəti də Avropa İnsan Hüquqları Məhkəməsinin icraatına götürülüb.

Bu barədə cümə günü Bakıda Cəlaloğlu məlumat verib. O, Azərbaycan hökumətindən 500 min avro kompensasiya tələb edir.

Cəlaloğlu 2003-cü il prezident seçkilərindən sonra baş verən iğtişaşlara görə həbs edilmişdi. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 4 il 6 ay həbs cəzası alsa da, 2005-ci ildə əfv olunub.

Cəlaloğlu bundan əvvəl də həbs olunduğu zaman işgəncəyə məruz qalma iddiası ilə Avropa Məhkəməsinə müraciət etmişdi. Məhkəmədə işgəncə hallarının araşdırılmadığı qənaətinə gələn Avropa İnsan Hüquqları Məhkəməsi ona 10 min avro kompensasiya ödənilməsi ilə bağlı qərar vermişdi.

ADP sədri artıq Avropa Məhkəməsinə 3-cü şikayətini də göndərib. Bu dəfə isə o, 2005-ci il parlament seçkiləri zamanı deputat seçildiyi halda bu hüququnun tanınmadığı iddiasını irəli sürüb.

Xəbər lenti

Xəbər lenti