...

Məhkəmələr işgəncə ilə bağlı jurnalistlərin iddiasına baxmaqdan imtina edib

Cəmiyyət Materials 27 Avqust 2007 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Bakının Səbail və Yasamal rayon məhkəmələri jurnalistlərin iddiasına baxmaqdan imtina ediblər.

Jurnalistlər işgəncəyə, qeyri insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq hüquqlarının pozulduğunu iddia edirlər.

Media Hüquq İnstitutundan bazar ertəsi verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasının 85 saylı kamerasında saxlanılan "Müxalifət" qəzetinin əməkdaşları Rövşən Kəbirli və Yaşar Ağazadə şikayətlərində ümumi ərazisi 40 kv-metrə yaxın olan kameraya yerləşdirildiklərini, kamerada havanın dəyişməsi üçün heç bir avadanlıq quraşdırılmadığını, bir kamerada 30 nəfərin saxlandığını, 24 çarpayıda məhkumlar növbə ilə yatmağa məcbur olduqlarını bildiriblər.

Həmçinin havaların isti keçməsi, birmərtəbəli kameranın üstünün qırla örtülməsi, məhkumların sayının çoxluğu, onların əksəriyyətinin siqaret çəkməsi kameradakı atmosferi dözülməz edir. Tualet (unitaz) və yemək masası normativlərə uyğun olmayan kamerada yaxınlıqda yerləşdirilib. Bundan əlavə jurnalistlərin vəkillərlə təklikdə və konfidensial görüşünə imkan verilmir.

Yasamal rayon Məhkəməsi Ədliyyə Nazirliyinə qarşı şikayət ərizəsini qərardadla geri qaytarıb. Məhkəmə jurnalistlərə Ədliyyə Nazirliyindən deyil, təcridxana rəhbərliyinin hərəkətsizliyindən şikayət etməli olduqlarını bildirib.

Məhkəmə həmçinin arqument gətirmədən jurnalistlərin onlara vurulmuş mənəvi zərərlə bağlı mülki iddia qaldırmaq hüquqlarının olmadığıni deyib.

Məhbus jurnalistlərin vəkili Rəşid Hacılı bildirib ki, qanunvericiliyə görə, məhkəmə cinayət prosesi iştirakçısının şikayətinə təxirə salmadan, şikayətin daxil olduğu 3 gün ərzində baxmalı, qərar çıxarmalıdır. Yasamal Məhkəməsi şikayətə uzun müddət sonra baxmaqla, qərar yox, qərardad çıxarmaqla ciddi prosessual pozuntulara yol verib.

Yasamal rayon məhkəməsinin qərardadından şikayət verilib.

Hacılının sözlərinə görə, eyni zamanda insan ləyaqətini alçaldan rəftara məruz qalmamaq hüququnun pozuntusu ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 Saylı İstintaq Təcridxanasına qarşı Səbail rayon məhkəməsində iddia qaldırılıb. Jurnalistlər məhkəmədən saxlanma şəraitinin, habelə vəkillə konfidensial görüşlərinin təmin edilməməsinin qanunsuz hesab edilməsini, şikayətçilərin həbsdən azad edilməsini və hərəkətlərindən şikayət edilən orqandan - Ədliyyə Nazirliyinin 1 Saylı Istintaq Təcridxanasından vurulmuş mənəvi zərərə görə 100.000 manat alınaraq şikayətçilərə ödənilməsini nəzərdə tutan qərar çıxarmağı xahiş ediblər. Şikayət geri qaytarılsa da jurnalistlərin müdafiəçiləri yenidən məhkəməyə müraciət ediblər.

Millət vəkili Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə jurnalistlər Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək Yasamal rayon məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. "A.M.A.Y Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Cəlal Əliyev tərəfindən himayə olunması göstərilib.

Jurnalistlər hazırda Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılırlar.

Hazırda Azərbaycanda peşə fəaliyyəti ilə bağlı həbs olunan 7 jurnalist həbsdədir. Onların əfv olunması üçün ölkə başçısına müraciət olunub.

Xəbər lenti

Xəbər lenti